Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan “Aviasales” ilə tərəfdaşlığa başlayıb. Məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.
“Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə test formasında keçirilən müsabiqə olacaq. Müsabiqənin iştirakçıları 12 fevral – 9 mart tarixlərində https://azerbaijan.aviasales.ru/ saytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.
Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya Federasiyası vətəndaşları iştirak edə bilərlər.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir: “Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. “Aviasales” şirkətinin yeni destinasiyaların inkişafı üzrə direktoru Yaroslav Stepanyuk qeyd edib ki, Azərbaycan rusiyalı turistlərin ən sevimli istirahət məkanlarından biridir: “Biz bu bazarla yaxından tanışıq. Keçən ilin payızında komandamız “Aviasales” platformasının Azərbaycan versiyasını istifadəyə verib. Bununla da biz azərbaycanlı səyahətçilərə xidmət göstərməklə yanaşı, xarici bazarlarda Azərbaycanın turizm potensialını tanıdırıq”.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 20.5% artıb.