Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə aprelin 1-dən 5-dək “Sunlight Way” (“Günəşli yol”) beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.

İdarədən bildirilib ki, müsabiqənin əsas məqsədi klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının, musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq yaradıcılıq kollektivlərinin ifaçılıq məharətinin yüksəldilməsi, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Müsabiqədə solo və ansambllar iştirak edə bilərlər. Beş yaş qrupu üzrə keçirilən yarışma simli alətlər (solo), nəfəs və zərb alətləri (solo) nominasiyaları üzrə iki turda, instrumental ansambllar (simli, nəfəs və ya simli və nəfəs alətlərindən ibarət qarışıq) nominasiyasında isə bir turda olacaq.

Müsabiqədə 5 yaş qrupu üzrə keçirilir: I yaş qrupu – 7-11 yaş; II yaş qrupu – 12-15 yaş; III yaş qrupu – 16-19 yaş; IV yaş qrupu –  20-25 yaş. Ansambllar üçün nəzərdə tutulmuş qarışıq yaş qrupunda isə 7-25 yaşarası musiqiçilər iştirak edə bilərlər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq. Qran-pri qaliblərinə, hər nominasiya üzrə bir nəfər olmaqla 500 manat, birinci yer qaliblərinə hər nominasiya üzrə 4 nəfər olmaqla 300 manat pul mükafatının verilməsi nəzərdə tutulub.

Münsiflər tərəfindən seçilən müsabiqə iştirakçıları qala-konsertdə çıxış edəcəklər.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat martın 15-dək davam edir.

Daha ətraflı məlumatı “Sunlight Way” beynəlxalq musiqi müsabiqəsinin internet səhifəsindən əldə edə bilərsiniz: http://sunlightway.az/index_az.html