Aydın Kazımzadənin 80 illiyi qeyd olundu

Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşdı.

Tədbirin aparıcısı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev gecənin iştirakçılarını salamladı. Aydın Kazımzadənin kino tariximizin öyrənilməsində xidmətlərindən söz açan direktor onun Dövlət Film Fondunun ilk əməkdaşlarından biri olduğunu diqqətə çatdırdı.  Dedi ki, bu günə kimi Dövlət Film Fondunda keçirilən müxtəlif tədbirlərin ərsəyə gəlməsində Aydın Kazımzadənin də rolu olub: “Yubilyarın yaradıcılığının əsas istiqamətini Azərbaycan kinosu ilə bağlı axtarış və tədqiqatlar təşkil edir. Birincisi, onun araşdırmaları sayəsində Azərbaycan kinosunun gerçək tarixi (2 avqust 1898-ci il) bəlli olub və bu tarix Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla “Azərbaycan kinosu günü” kimi qeyd edilir. İkinci əsas tapıntısı “Dəli Kür” filminin kəsilmiş hissəsinin veteran operator Yuri Varnovskinin arxivindən əldə edib Dövlət Film Fonduna təhvil verməsi və daha sonra Azərbaycan cizgi filminin tarixinin dəqiqləşdirilməsidir. Bir sözlə, kino tariximizlə bağlı araşdırmalar Aydın müəllimin həyat kredosudur”.

Sonra yubilyarın yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olundu.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Aydın Kazımzadəni yubileyi münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Qeyd etdi ki, Aydın Kazımzadə tükənməz enerji ilə çalışır, kino salnaməmizi daim zənginləşdirir: “O, həyatını sevdiyi işə həsr edib. Azərbaycan kinosunun keçdiyi yolu özünün həyat yolu ilə bir tutub. Hesab edirəm ki, bu yanaşma həm kinomuz, həm də Aydın Kazımzadə ömrü üçün çox uğurlu olub. Keşməkeşli olsa da, çox faydalı və qürurlu bir həyat yaşayıb. Onun apardığı tədqiqatlar, əldə etdiyi nəticələr o qədər də asanlıqla başa gəlməyib. Azərbaycan kinematoqrafçılarının taleyi onun həyatının bir hissəsinə çevrilib. Onlar haqqında yazılan elmi-publisistik yazılar, kitablar, ensiklopediyalar böyük zəhmət hesabına başa gəlib. Bu səbəbdən də demək olar ki, Aydın Kazımzadə xalqımız və dövlətimiz üçün çox böyük işlər görmüş vətənpərvər kino fədaisidir. O, sözün həqiqi mənasında, ziyalı bir insandır. Onun ortaya qoyduğu böyük irs isə həm də dövlətimizə məxsusdur. Bu irsin daha da zənginləşdirilməsində yubilyara yeni uğurlar, uzun ömür və cansağlığı arzulayıram”.

Tarix elmləri doktoru Dilarə Seyidzadə Azərbaycan kinosunun dərindən araşdırılmasında xidmətlərinə görə Aydın Kazımzadəyə təşəkkürünü ifadə etdi. Bildirdi ki, o bu gün gənc nəslə bir nümunədir. Dilarə Seyidzadə yubilyarın görkəmli rejissor Hüseyn Seyidzadənin yaradıcılığına olan diqqətini və onu dərindən hiss etdiyini xüsusi vurğuladı: “Hüseyn Seyidzadə kimi rejissoru başa düşmək, onun sətiraltı mesajlarını duymaq o qədər də asan deyil. Amma Aydın Kazımzadə onun bütün yaradıcılıq metodlarını və düşüncələrini dərindən dərk edərək təbliğ edir”.

Yubiley gecəsində çıxış edən xalq artistləri – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, teatr və kino aktyoru Rafiq Əzimov,Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, aktrisa Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Əməkdar artisti, aktyor Elxan Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov, Əməkdar rəssam Cəmaləddin Eyyubov yubilyarın yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər, onu təbrik etdilər.

Vurğulandı ki, bu salonda, paytaxt Bakının mədəniyyət müəssisələrində və bölgələrdə yüzlərlə sənətkarın, kino xadiminin yubiley mərasiminin aparıcısı olan, onların haqqında gözəl fikirlər söyləyən Aydın Kazımzadənin xoş günündə sənət dostları onunla bağlı ən xoş arzularını ifadə edirlər. Çünki o, həmişə kino haqqında sevgi ilə danışıb və bu gün hər kəs ona olan böyük sevgisini etiraf etmək imkanı qazanıb.

Tədbir boyu yubilyarın iştirak etdiyi və müəllifi olduğu televiziya verilişlərindən fraqmentlər, ssenari müəllifi olduğu sənədli filmlərdən kadrlar nümayiş olundu.

Gecədə qocaman tədqiqatçıya “Azərbaycanfilm” kinostudiyasının tarixinin öyrənilməsi və təbliğində xidmətlərinə görə diplom və hədiyyə təqdim edildi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da yubilyara hədiyyə təqdim etdi.

Gecənin sonunda çıxış edən Aydın Kazımzadə Prezident təqaüdünə, eləcə də yubileyi ərəfəsində mənzillə təmin edilməsinə görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Yubilyar axtarışları zamanı ona köməyini əsirgəməyən təşkilatlara, kino tarixinə dair 30-dan çox kitabın ərsəyə gəlməsində ona dəstək olan insanlara, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Lalə AZƏRİ