Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək.

Xocalı soyqırımının 28-ci ildönümündə təqdim olunacaq ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqındadır. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakıda, Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunda kütləvi tamaşalar üzrə rejissor ixtisası üzrə qiyabi təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib. Ermənilərin torpaqlarımıza qarşı işğalçılıq müharibəsi başlayanda, 1991-ci ilin sonlarında o da, bir çox vətən övladları kimi, könüllü olaraq cəbhəyə gedir.

Təbriz qısa döyüş yolu keçsə də, cəsur döyüşçü kimi tanınır. 1992-ci il yanvar 31-də baş verən döyüşdə qəhrəmancasına həlak olur. Məzarı Bakıdakı Şəhidlər xiyabanındadır.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.