Yanvarın 11-də ABŞ-ın Los-Anceles şəhərində kino sahəsində “Oskar”dan sonra ikinci nüfuzlu müsabiqə olan 73-cü "Qızıl qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib. Hollivud tərəfindən 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatı 25 kateqoriyada sahiblərini tapıb.

“Ən yaxşı dramatik ifa” nominasiyası üzrə mükafata “Sağ qalmış” (“The Revenant”) filmində yaratdığı obraza görə aktyor Leonardo Di Kaprio layiq görülüb. Bu, məşhur aktyorun üçüncü “Qızıl qlobus”udur.
Ridli Skottun “Marslı” filmi “komediya və müzikl” kateqoriyası üzrə ən yaxşı film seçilib.
Ən yaxşı aktrisa adını komediya və ya müzikl nominasiyasında Jennifer Lawrence (“Joy” filmi) qazanıb.
“Ən yaxşı komediya aktyoru və müzikl” nominasiyasında “Marslı” filmindəki oyununa görə aktyor Mett Deymon fərqlənib.
“Ən yaxşı ikinci plan qadın roluna” görə “Qızıl qlobus”a britaniyalı Keyt Uinslet layiq görülüb. Aktrisa “Apple” şirkətinin banisi Stiv Cobsun həyat və yaradıcılığına həsr olunmuş filmdə yaratdığı obraza görə təltif olunub.
İkinci planda ən yaxşı kişi aktyoru isə “Krid: Rokkinin irsi” (“Creed”) filmindəki roluna görə Silvester Stallone seçilib.
“Stiv Cobs” filminin ssenarisini yazan Aaron Sorkin “Ən yaxşı ssenari müəllifi” nominasiyasında fərqlənib.
“Qızıl qlobus”un dram üzrə ən yaxşı qadın rol ifaçısı Bri Larson elan edilib. O, mükafata “Otaq” (“Room”) filmindəki roluna görə layiq görülüb.
2016-nın dram üzrə ən yaxşı serial aktyoru isə “Ağılsızlar”dakı rolu ilə Con Hemm seçilib.
Ən yaxşı saundtrek nominasiyasını məşhur italiyalı bəstəkar Ennio Morrikone (“Nifrət edilən səkkizlik” filminə yazdığı musiqiyə görə) qazanıb.
“Qızıl qlobus”un bir-birindən məşhur qalibləri arasında Ledi Qaqa da qeyd olunub. Müğənni “Amerika dəhşətlər tarixi” serialının beşinci mövsümündə oynayaraq “TV üçün ən yaxşı mini-serial və ya film aktrisası” kateqoriyasında mükafat alıb.
Qeyd edək ki, "Qızıl qlobus" mükafatı Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı üçün proqnoz hesab edilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar