İyunun 20-dən 26-dək Misir Ərəb Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə 4-cü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.
Misirin Azərbaycandakı səfiri Adel İbrahimin bildirdiyinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Rejissor Elçin Musaoğlunun “Nabat” və rejissor Zamin Məmmədovun “Səs” filmlərinin festivalda göstərilməsi üçün səfirlik və Azərbaycanın Mədəniyyət Nazirliyi arasında razılıq əldə olunub.
Diplomat Şarm əl-Şeyxdə 2019-cu ildə təşkil edilən festivalda Azərbaycanın rejissor Hilal Baydarovun “Ad günü” filmi ilə təmsil olunduğunu xatırladıb. Səfir, həmçinin Azərbaycanın festivalın fəxri qonağı olduğunu, tanınmış müğənni Dilarə Kazımovanın öz ansamblı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini diqqətə çatdırıb.