Prezident mükafatına layiq görülmüş gənclərimizi siz də tanıyın
İstedadlı, yaradıcı, intellektual gənclərimizin qazandığı hər bir uğur gələcəyimizlə bağlı ümidləri artırır. Gənclərin fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi və dəstəklənməsi isə onların yaradıcılıq vüsətini gücləndirir, yeni nailiyyətlər üçün ruhlandırır. Prezident İlham Əliyevin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə 10 nəfər gəncin 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülməsi ölkə başçısının Azərbaycan gəncliyinə diqqətinin daha bir göstəricisidir. Mükafata layiq görülmüş gəncləri oxucularımızın da tanımasını istədik.
***
2020-ci il Gənclər üçün Prezident mükafatı alan gənclərdən biri Ziya Ağadır. 1991-ci ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. İlk ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Bir neçə filmdə çəkilən Ziya sonradan bu sahədə də təhsil almaq qərarına gəlir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunur. Hazırda universitetin dram teatrı və kino aktyoru ixtisası üzrə “Sabah” qrupunda təhsil alır.
O, ilk dəfə 2013-cü ildə “Sus” qısametrajlı bədii filmində əsas rollardan birinə çəkilib. Daha sonra “Qurbağa” qısametrajlı və “Arzuların ardınca” tammetrajlı bədii filmlərində rol alıb.
“Səda” tədris teatrının səhnəsində bir çox rollarda çıxış edən aktyor həmçinin bir müddət Yuğ Dövlət Teatrının nəzdində laboratoriyada aktyor kimi fəaliyyət göstərib. Xalq artisti Vidadi Həsənovun yaratdığı “M-Teatrı”nda səhnəyə çıxan Ziya Ağa 2017-ci ildə yaradılmış müstəqil “Human” teatrında da çalışıb. Hazırda Akademik Milli Dram Teatrında işləyən aktyor bir neçə tamaşada çıxış edir.
Qeyd edək ki, ADMİU-nun “Sabah” qrupunun tələbələri 2019-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 39-cu beynəlxalq tələbə festivalında, həmçinin Rusiya Teatr Sənəti İnstitutunda təşkil olunan “Otello əfsanəsi” festivalında Otello roluna görə mükafata layiq görülüb.
***
İncəsənət sahəsində mükafata layiq görülən digər gənc Məhərrəm Hüseynlidir. O, 1995-ci ildə Bakıda anadan olub. 3 yaşından skripkada ifa etməyə başlayan Məhərrəmi valideynləri yeddi yaşında Ə.Bədəlbəyli adına 23 saylı Musiqi məktəbinin skripka sinfinə yazdırırlar. O, 14 yaşından Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində vokal dərsləri almağa başlayır. Bu məktəbdə konsertlərin birində Rostropoviçlərin qızı iştirak edir və Məhərrəmin ifasını çox bəyənir. Konsertdən bir ay sonra M.Rostropoviçin həyat yoldaşı – tanınmış opera ifaçısı Qalina Vişnevskaya onu Moskvaya dəvət edir. Lakin o təhsilini Bakıda davam etdirir. 2012-ci ildə adı “Gənc istedadların qızıl kitabı”na salınaraq Prezident təqaüdünə layiq görülür.
Məhərrəm daha sonra təhsilini Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın La Skala Akademiyasında davam etdirir. Həm La Skala səhnəsində, həm də müxtəlif layihələrdə uğurla çıxış edən gənc ifaçı “Bohema”, “Karmen” kimi tamaşalarda əsas partiyaları ifa edir. Vokalçımız həmçinin Azərbaycanda Rostropoviç, Qəbələ və Üzeyir Hacıbəyli festivallarında çıxış edib. O, azərbaycanlı vokal ifaçı Azər Rzazadə və dünyanın məşhur ifaçıları ilə birlikdə İtaliya səhnələrini fəth etməkdədir. Hazırda Milan şəhərində yaşayan Məhərrəmin Bakıda ilk debütü bu ilin aprelində “Bohema” operasında çıxışı ilə reallaşacaq.
Prezident mükafatına layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirən Məhərrəm uğur qazanmağında özünəinam hissinin əsas rol oynadığını deyir: “Biz Vətəndən kənarda olsaq da, ölkəmizi təmsil edir və fəxr edirik ki, azərbaycanlıyıq”.
***
Faiq Məmmədov Gəncə şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsində təhsil alıb. 2014-cü ildə universitetdə Tələbə Gənclər Təşkilatının sədri seçilib. O, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsində protokol xidmətinin əməkdaşı, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsində Protokol departamentinin mütəxəssisi vəzifələrində çalışıb. Həmin il Avropa Gənclər Kartı Assosiasiyasının Serbiyada keçirilən Baş Assambleyasında 9 nəfərdən ibarət İdarə heyətinin ilk azərbaycanlı və ən gənc üzvü olub. Bununla yanaşı, o, 2017-ci ildən Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın üzvüdür.
***
Ölkə başçısının mükafata layiq gördüyü Mətanət Quliyeva (Qüdsi) ədəbi yaradıcılıqla məşğuldur. Şəmkir şəhərində anadan olub. Gəncə Dövlət Regional Kollecinin Təsviri incəsənət müəllimliyi fakültəsini bitirib.
“Mətanət Qüdsi” təxəllüsü ilə şeirlər yazır. “Kəpənəyin saldığı yol” adlı şeirlər kitabı işıq üzü görüb. Hazırda şeir və esselərinin yer alacağı yeni kitab üzərində işləyir. Eyni zamanda “Mən o qadınam ki...” adlı sosial kitabını da bitirmək üzrədir.
Bir sıra yerli və beynəlxalq layihələrdə iştirak edib. Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində iki layihəsi uğur qazanıb. M.Quliyeva təsviri sənət sahəsində də fəaliyyət göstərir. Müxtəlif janrlarda çəkdiyi rəsmlər sərgilərdə nümayiş olunub.
***
Günay Kazımzadə isə gənc tədqiqatçıdır, süni intellekt sahəsində fəaliyyət göstərir. O, Almaniya tərəfindən maliyyələşdirilən və süni zəka, Blokçeyn, İoT kimi texnologiyalar ətrafında fokuslanmış Vayzenbaum İnstitutunda tədqiqatçı olaraq süni zəka, inklüzivlik və s. mövzularla bağlı araşdırmalar aparır.
G.Kazımzadə 2018-ci ildə “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibidir. TED-in (texnologiya, əyləncə, dizayn) layihəsində süni zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır. Avropa ölkələrində, ABŞ-da keçirilən elmi konfranslarda iştirak edib, süni intellekt üzrə Berlində və Bakıda uşaqlar və valideynlər üçün treninqlər təşkil edib.
2019-cu ildə “Tech Centrum” platformasını təsis edən G.Kazımzadə müasir texnologiyalar sahəsində gənclərə yardımçı olmaq və onlara praktiki biliklər verməyi qarşısına məqsəd qoyub. Qısa müddətdə layihə çərçivəsində mindən çox azərbaycanlı gənc ölkəmizdən və xaricdən olan ekspertlərdən dərs alaraq yeni biliklərə yiyələnib.
***
Mükafata layiq görülmüş gənclərdən biri də Murad Ağazadədir. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi olan Murad Ağazadə riyaziyyat fənni üzrə olimpiadaların fəal iştirakçısıdır. O, məktəblilər arası I fənn müsabiqəsində birinci yerə, riyaziyyat üzrə fənn olimpiadalarında qızıl medala layiq görülüb. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında və Beynəlxalq Meqapolislər Olimpiadasında isə bürünc medal qazanıb.
***
Sərvinaz Hacıyeva 1994-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib. Nanoaraşdırmalar Mərkəzində böyük laborant vəzifəsində çalışıb. Bir çox konfrans və seminarlarda ölkəmizi layiqincə təmsil edib. Hazırda Bakı Dövlət Universiteti Kimya fakültəsinin Zərif üzvi sintez elmi tədqiqat laboratoriyasında elmi işçi olan Sərvinaz Hacıyeva nanotexnologiyalar, əczaçılıq kimyası, nanotexnologiyanın əczaçılıqda tətbiqi, yeni dərman maddələrinin sintezi, əczaçılıq biotexnologiyası, liposomların və nanoliposomların sintezi üzrə elmi tədqiqatlar aparır.
***
Prezident mükafatına layiq görülənlərdən Elmar Əsgərzadə 1995-ci ildə Qəbələ rayonunda anadan olub. 2013-2019-cu illərdə Bakı Ali Neft Məktəbində oxuyub. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili alır.
***
Kənan İbrahimov Şəmkir Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisidir. O, Gəncə şəhərində anadan olub və Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsini bitirib. 2017-ci ildə Şəmkir rayonunda “İlin gənci” seçilib.
***
Daha bir mükafatçı gəncimiz Sabir Rüstəmov 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Hazırda Çinin Çenjou Universitetində Çin dili üzrə təhsil alır. 2018-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə heyətinin üzvüdür.
***
Fəaliyyəti yüksək qiymətləndirilən bütün gənclərimizi təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.
Lalə ƏLƏKBƏROVA
Nurəddin MƏMMƏDLİ