Fazil Nəcəfov müraciət etdiyi fiqurlarla insanın daxili aləmini, ağrı-acılarını açmağa can atır

Fazil Nəcəfovun emalatxanasına daxil olanda bizi darvazanın qarşısında dayanan müxtəlif fiqurlu heykəllər qarşıladı. Abşeron dənizinin mehi, havaya qarışan qumlu sahillərin tozu insanın ürəyinə qəribə sakitlik, nikbinlik gətirirdi. Təbiət, hər tərəfdən boylanan heykəllər açıq havada muzeyi xatırladırdı. Sanki heykəllər dil açıb danışacaq, bizi öz əhatəsinə alacaqdı.

Bizi qarşılayan Fazil Nəcəfov nikbin əhvalla deyir: “Əgər Tanrı olmasaydı, hələ də bu həyətdə gördüyünüz heykəllər olardımı?”. 85 illik ömrün, axtarışların nəticəsi olaraq xudbin bir əhvalla söylənilmiş fikir, yaxud hələ də dərk edilməsi mümkün olmayan gerçəkliyi tapmaq istəyi heykəltəraşı hələ də düşündürür…

Azərbaycan heykəltəraşlıq sənətində avanqard üslubun təsisçisi olan Fazil Nəcəfov 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda heykəltəraşlığın sirlərini öyrənib.

Rəssamın təhsil aldığı mədəni mühit incəsənətdə ideoloji nəzarətin gücləndiyi zamanlar idi. Sosialist realizmi qaydaları, incəsənətin bütün sahələrində olduğu kimi, heykəltəraşlıqda da öz sözünü deyirdi. Fazil Nəcəfovun diplom işi üçün işlədiyi neftçilərin əməyindən bəhs edən kompozisiya rəhbəri Nikolay Vasilyeviç Tomiski tərəfindən sərt qarşılanır. Heykəltəraşın bu mövzuda daha ekspressiv həll etdiyi, fiqurların monumentallığı ilə seçilən bu dinamik kompozisiyaya müraciət etməsi heç də təsadüfi deyildi. Sözsüz ki, həmin dövrdə metal dirəklərin üstündəki estakadalar üzərində salınan Neft Daşları, Xəzəri öz əhatəsinə alan bu möcüzəvi şəhər bütün yaradıcı insanları ovsunlayırdı. Fazil Nəcəfov bütün tənqidlərə, “yuxarıların” göstərişlərinə baxmayaraq öz diplom işini dəyişdirmir. Heykəltəraş indi həmin günləri xatırlayanda sənətkar üçün diplom yox, ən əsası yaratmaq üçün sağlam beyin və ürək lazım olduğunu deyir.

Heç şübhəsiz ki, Bakıya diplomsuz qayıdan heykəltəraş dövrün öncülərindən olan, daha sonra 1950-ci illərin sonu - 1960-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinin qızıl dövrünə öz imzalarını yazdıracaq Cavad Mircavadov, Tofiq Cavadov, Kamal Əhməd, Rasim Babayev kimi rəssamlarla birgə Abşeronu dolaşması, yeni motiv axtarışları yaradıcılıq yolunun yeni mərhələsini təşkil edib.

Fazil Nəcəfovun 70-80-ci illərdə hazırladığı heykəllər öz emosionallığı, ifadəliliyi, fiqurların böyüdülmüş proporsiyalarına baxmayaraq estetikliyi ilə digər heykəltəraşlıq nümunələrindən fərqlənir, avanqard üslubun xüsusiyyətlərini özündə toplayırdı.

Heykəltəraş müraciət etdiyi fiqurlarla insanın daxili aləmini, onun ağrı-acılarını, mövcudluğun dözülməz hallarını açmağa can atır. Bu, insanı düşünməyə məcbur edən mövzular, həyatın sadə bir anını əbədiləşdirmə istəyindən qaynaqlanır. Onun müraciət etdiyi fəlsəfi yüklü mövzular, kompozisiyalar bir qədər mürəkkəbdir.

Yaşadığımız cəmiyyətin fərqli kateqoriyalarına müraciət etməsi “Korlar”, “Yatmış qoca”, “Ağrı”, “Çılpaq qadın” kimi heykəl nümunələrini tədqiqat nöqteyi-nəzərdən bu gün də aktual və baxımlı edir. Bu isə öz növbəsində heykəltəraşın öz əsrini geridə qoyub yeni üfüqlər adlamasına, onun klassik, hər zaman bəşəri ideyalara sadiqliyini göstərir.

Heykəltəraşın sonuncu monumental işlərindən biri Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin abidəsidir. Abidə üzərində işləyən Fazil Nəcəfov bəstəkarın yaradıcılığını araşdırıb, bir çox eskiz nümunəsi işlədikdən sonra, nəhayət, Qara Qarayev kimi dahi bəstəkarın qırmızı qranit üzərində ifadəliliyi və ekspressivliyinə nail olduğu heykəl-kompozisiyasını 2014-cü ildə tamamlayıb.

Azərbaycan mədəniyyətinə silinməz iz qoyan Qara Qarayevin abidəsi ətrafında hələ də onun əsərləri canlanır, bəstələdiyi musiqi melodiyaları ətrafa səs salır.

Abşeronun hər daşına, fakturasına bələd olan heykəltəraş yaşamaq, yaratmaq arzusu ilə hüdudları adlayır, bu gün də cəsarətli heykəl kompozisiyaları ilə özündən söz etdirməyi bacarır.

Həmidə SÜLEYMANOVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi