Tamaşaçılar onu daha çox “Arşın mal alan” (1965) filmindən – Asya obrazından tanıyır. Deməli, yüksək sənət zövqü ilə yaradılmış bir obraz da sənət möhürünə çevrilə, onu əbədi olaraq yaddaşlarda saxlaya bilər. Xalq artisti Xuraman Hacıyeva da məhz belə aktrisalarımızdandır. Anadan olmasının 75 illiyi və vəfatının 15 illiyi münasibətilə onun ömür və sənət yoluna nəzər salırıq.

Xuraman Abdulla qızı Hacıyeva 7 mart 1945-ci ildə Bakı şəhərində anadan olub. Erkən çağlardan teatra maraq göstərib, hələ şagird ikən məktəbin dram dərnəyinə yazılıb. 1964-cü ildə orta məktəbi bitirən Xuraman Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə qəbul olunur. İkinci kursda oxuyanda görkəmli rejissor Tofiq Tağızadənin dəvəti ilə “Arşın mal alan” bədii filmində Asya roluna çəkilir. Bu onun kinoda ilk uğurlu debütü olur.

Mənbələrdə göstərilir ki, Xuraman Hacıyevanın filmin çəkilişlərinə görə dərsə davamiyyəti zəifləyir. Bu da müəyyən narazılıqlara səbəb olur və o, institutdan xaric edilir. Sənət, səhnə uğrunda mübarizəsini davam etdirən aktrisa Gəncə Dövlət Dram Teatrına müraciət edir və müsbət cavab alır. Qısa müddətdə kollektivə uyğunlaşır və bir sıra tamaşalarda baş rollarda səhnəyə çıxır.

Ancaq ali təhsil sevdası aktrisanı burada da tərk etmir. O, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Tarix-filologiya fakültəsini bitirir.

Gəncə səhnəsində maraqlı, yaddaqalan obrazlar qalereyası yaradan aktrisa yenidən Bakıya dönür, 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə götürülür. Könül verdiyi sənətdə uğurlarını paytaxt səhnəsində də davam etdirir. Tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov Xuraman Hacıyeva ilə bağlı xatirələrini bölüşərkən deyib: “Onunla ilk tanışlığımız orta məktəb illərində olub. Əvvəllər dram dərnəyi var idi. İlk tanışlığımız da həmin dərnəkdə oldu. Tərəf-müqabil kimi bəzi tamaşalarda çıxış etdik. Sonra yollarımız ayrıldı. Xuraman ali məktəbə daxil oldu. Mən də institutu bitirib Akademik Dram Teatrına getdim. O, ikinci kursda oxuyanda “Arşın mal alan” filmində Asya roluna çəkildi... Xalq artisti Xuraman Hacıyeva tamaşaçı qəlbində ilk növbədə bu obraz ilə qalıb. Çünki o vaxtlar “Arşın mal alan” filmi bir sənət əsəri kimi tamaşaçılar tərəfindən maraqla qarşılandı. Xuraman xanım da filmdə gözəlliyi və istedadı ilə tamaşaçıların diqqətini çəkdi”.

X.Hacıyevanın gözəl siması və istedadlı ifasına görə rejissorlar əksər tamaşalarda baş rolları ona verirdilər. O da bütün etimadları layiqincə doğruldurdu. Amma bu, təəssüf ki, kollektivdə müəyyən qısqanclıq da doğururdu. Ancaq aktrisa öz sənətinə qəlbən bağlı olduğu üçün bu hallara məhəl qoymurdu.

X.Hacıyeva Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı Ceyran (“Yolda”, Hüseyn Arif), Qızılgül (“Aycan”, Xanımana Əlibəyli) Rəna (“Təzə şagird”, Qılman İlkin), Eyzəngül (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Gülsüm (“Yadındamı?”, Altay Məmmədov), Gülzar (“Tamahkar”, Süleyman Sani Axundov), Firəngiz (“Məhəbbət novellası”, Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov) və s. səhnə obrazları ilə tamaşaçıların qəlbinə yol tapıb. Təəssüf ki, aktrisanın səhnədə yaratdığı maraqlı və diqqətçəkən rolların hamısının lent yazısı qalmayıb.

X.Hacıyeva “Arşın mal alan” filmindən sonra da kinoda fəaliyyətini davam etdirib. “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vaxtlarda lentə alınan “Bakıda küləklər əsir”, “Birisi gün gecəyarısı”, habelə “Lətifə”, “Gilas ağacı”, “Ömrün səhifələri” və s. ekran əsərlərində müxtəlif səpkili rollara çəkilib. O, bəzi bədii və cizgi filmlərimizin, o cümlədən “Baladadaşın ilk məhəbbəti”, “Sən belə cumbulusan”, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir çox buraxılışlarının səslənməsində iştirak edib. “Gənclik macərası” televiziya tamaşası Xuraman xanımın ifası ilə tamaşaçı rəğbəti qazanıb.

Sevilən aktrisanın sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə “Əməkdar artist”, 1999-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV