Fransa telekanalının çəkdiyi sənədli filmin premyerası
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “France 2” telekanalının “İslam” verilişi tərəfindən hazırlanan “Azərbaycan – sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub. Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə hazırlanmış ikihissəli ekran əsərinin 1-ci hissəsi fevralın 16-da telekanalda göstərilib, 2-ci hissəsi isə fevralın 23-də yayımlanacaq.
Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.
Premyeradan əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, “İslam” verilişinin prodüseri Cellul Bequra (Djelloul Beghoura), “France Antennes”in baş katibi Antuan Buale çıxış ediblər.
Səfir Rəhman Mustafayev ölkəmizdə dünyəviliyin, multikulturalizmin tarixindən danışıb, Azərbaycanın müsəlman Şərqində qadınlara ilk dəfə səsvermə hüququ verilən, ilk opera yaradılan və ilk qızlar məktəbi açılan ölkə olduğunu diqqətə çatdırıb.
Sənədli filmin çəkilişi zamanı Azərbaycanda olan C.Bequra ölkəmizin mədəni və dini zənginliyindən söz açıb. Qeyd edib ki, sənədli filmi hazırlamaqda məqsəd sovet rejimi zamanında xalqın öz kimliyini, dinini, dəyərlərini necə qoruyub saxladığını bilmək, Sovet İttifaqı dağıldıqdan sonra bu dəyərlərin necə bərqərar edildiyini öyrənmək olub. O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirinə, layihədə əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.
“Azərbaycan – sivilizasiyaların kəsişməsində” sənədli filmində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından danışılır. Azərbaycanın İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı göstərilir, müxtəlif dinlərə etiqad edən insanların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılır.
Filmin 1-ci hissəsində Bibiheybət məscid ziyarətgahı, Təzəpir məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilir. Bildirilir ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Prezident İlham Əliyevin qayğısı ilə bu gün dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyi, birgəyaşayış ənənələrinin daha da möhkəmləndirildiyi vurğulanır. Filmdə ötən ilin noyabrında Bakıda keçirilmiş Dünya dini liderlərinin sammitindən də danışılır.
Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlanan “İslam” verilişinin yaradılması 1983-cü ildə “İslamı yaşamaq” (Vivre l’İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftəlik veriliş İslam tarixini, dəyərlərini təbliğ edir.