Ədəbi tarix
   
   Görkəmli Amerika yazıçısı Teodor Drayzerin (1871-1945) ötən əsrin 20-ci illərində Sovet İttifaqına səfəri barədə çox yazılıb. Amma həmin səfər zamanı böyük yazıçının Bakıya gəlməsi az adama bəllidir. Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nurlanə Nuriyeva bu maraqlı tarixçənin tədqiqatçılarındandır.
   
   Amerika yazıçısının doğum günü (27 oktyabr) ərəfəsində Nurlanə xanımla görüşüb fikirlərini öyrəndik. O, Drayzerin Bakıya səfəri barədə o dövrün Azərbaycan mətbuatında elə bir məlumat verilməməsinə də aydınlıq gətirdi:
   - Teodor Drayzer 1927-ci ilin sonunda Sovet İttifaqına səfər edərkən dekabrın 24-də Bakıya gəlib. Lakin bu səfər qəzetlərdə işıqlandırılmayıb. Yazıçının Bakı haqqında ümumi təəssüratını isə onu səfərboyu müşayiət edən şəxsi katibi R.E.Kennellinin “Teodor Drayzer və Sovet İttifaqı” kitabından almaq olur. Kitabın ayrıca bir fəsli T.Drayzerin Bakı səfərinə həsr olunub. Kennelli Bakıya necə və haradan gəldiklərindən, yolboyu rastlaşdıqları dəmiryol qəzasından, etdikləri nahar yeməyinin adlarına və məbləğinə qədər hər şeyin qeydini aparıb. Əsərin Bakı ilə bağlı fəsli amerikalı nümayəndələrin Bakıya gəlişi zamanı qarşılaşdıqları hadisələrlə başlanır.
   - Amerikalı heyət Bakının hansı görməli yerlərində olub, kimlərlə görüşüb?
   - Drayzer və onu müşayiət edən şəxslər İçərişəhərdə olur, Şirvanşahlar sarayını gəzirlər. Drayzer Şirvanşahlar sarayını “Min bir gecə” nağıllarına bənzədir. Daha sonra onlar Əli Bayramov adına Qadınlar Klubunda və Qaraşəhərdəki zavodlarda olurlar. Məscid və kilsələri ziyarət edir, sadə insanlarla görüşür onların iş və məişəti ilə yaxından tanış olmağa çalışırlar.
   - Yol qeydlərində xatırlanan mehmanxanalar və yer adları barədə necə açıqlama verərdiniz?
   - Amerika yazıçısı Bakıda “Novaya Yevropa” və “Bristol ” mehmanxanalarında qalıb. Həmin mehmanxana sonralar “Göygöl” mehmanxanası adlanıb. Hazırda isə “Lukoyl” neft şirkətinin ofisidir. “Bristol ” mehmanxanası isə dəmiryol vağzalına yaxın bir yerdə olub. Bakıdan Tiflisə yola düşərkən vağzalda gördüyü dilənçi uşaqlar, çarəsiz analar, ümidsiz qocalar yazıçının əhvalını korlayır. O, müharibənin və inqilabın yurdsuz-yuvasız qoyduğu bu insanlara qəlbən acıyır. Bakını isə gələcəkdə Çikaqo ilə müqayisə edilə biləcək şəhərlər arasında təsvir edir.
   
   Savalan Fərəcov