Ölkəyə daha çox turist cəlb etmək üçün

Misirin Qədim Abidələr və Turizm Nazirliyi dünyanın bir çox şəhərlərində qiymətli artifaktlardan ibarət sərgilər təşkil edir. Onlardan biri də fevralın 14-də İtaliyanın incisi olan Venesiyada açılıb.

Dörd ay davam edəcək sərgidə Qədim Misir fironlarına aid 70 artefaktın surəti, o cümlədən çariça Nefertitinin heykəli, Yuyanın qızıl maskaları, Axenatenin büstü nümayiş etdirilir. Ən qiymətli eksponatlar arasında Tutanxamonun taxtı, zirehli döyüş geyimi diqqəti daha çox cəlb edir.

Bu cür sərgilərin təşkilində məqsəd Misirə daha çox turist cəlb etməkdir. İtaliyada 2018-ci ildə keçirilmiş analoji sərgini 100 mindən çox insan ziyarət edib.

Yunan-Roma dövrünə aid (eramızdan əvvəl III-II əsrlər) qədim Misir mumiyaları və qızıl maskalardan ibarət sərgi isə ABŞ-ın Buffalo Elm Muzeyində açılıb. 100-dək artefaktın yer aldığı “Misirin qızıl mumiyaları” adlı sərgi iyunun 21-dək davam edəcək.

“Misirin qızıl mumiyaları” adlı sərgi bundan əvvəl Mançester Muzeyində (Böyük Britaniya) təşkil edilib.

CAVİD