“Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib. Qeyd edək ki, Prezident İlham Əliyev 2005, 2008 və 2014-cü illərdə İtaliyada rəsmi səfərdə, həmçinin 2011 və 2015-ci illərdə işgüzar səfərlərdə olub. İtaliya Prezidenti Sercio Mattarella 18-19 iyul 2018-ci il tarixində Azərbaycana ilk dövlət səfərini edib.

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada, Kuirinale Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Dövlət himnlərinin səslənməsi və fəxri qarovul dəstəsinin qarşısından keçiddən sonra  Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

***

Sonra Azərbaycan və İtaliya dövlət başçılarının təkbətək görüşü olub. Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident Sercio Mattarella Azərbaycan rəhbərini salamlayaraq bu səfərin iki ölkə arasında səmimi dostluğun və güclənən əməkdaşlığın bir daha qeyd edilməsi, habelə bütün istiqamətlərdə – enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsət olduğunu vurğulayıb.

Prezident İlham Əliyev dövlət səfərinə dəvətə və göstərilən qonaqpərvərliyə görə Sercio Mattarellaya təşəkkürünü bildirərək deyib: “Sizin Azərbaycana tarixi səfərinizi məmnuniyyətlə xatırlayıram. Səfər zamanı əldə edilmiş razılaşmalar artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır. Həm siyasi sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat, demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır. Səfər zamanı imzalanacaq çoxsaylı sənədlər bizim əlaqələrimizi daha da gücləndirəcək. Onların arasında xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim”.

Görüşdə vurğulanıb ki, iki ölkə arasında “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” siyasi, iqtisadi, ticari, enerji və digər sahələri əhatə edir.

Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunub. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından “Azərbaycan ili” elan edildiyi diqqətə çatdırılıb.

***

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

İtaliyanın dövlət başçısı qeyd edib ki, bu səfər iki ölkə arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir: “İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar”.

Sercio Mattarella bir daha vurğulayıb ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub: “Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”.

Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında birgə bəyannamədə bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir: “Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var.

Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır”.

Azərbaycan rəhbəri mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi “Villa Borgeze” parkında ucaldılıb. Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır”.

***

Fevralın 20-də Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.

Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulanıb. Görüşdə Azərbaycan ilə İtaliya arasında elm, təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

***

Görüş başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin imzalanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair memorandum nazirlər Pərviz Şahbazov və Stefano Patuanelli tərəfindən imzalanıb.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini imzalayıblar.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında, iki ölkənin Milli Olimpiya komitələri arasında əməkdaşlıq, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə İtaliyanın şirkətləri arasında və s. sənədlər imzalanıb.

***

Prezident İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

***

Fevralın 21-də Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək.