Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı

Yanvarın 19-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Milli Qəhrəmanlar» silsiləsindən lentə alınan “Vətənə dönənim” adlı sənədli filmin nümayişi keçirildi.

Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Ənvər Fərəcov haqqında ekran əsəri “Yaddaş” sənədli filmlər studiyasında ərsəyə gəlib. Filmin rejissoru Zamin Məmmədovdur.
Milli Qəhrəmanın ailə üzvləri və qohumlarının, dostlarının, hərbçilərin və mətbuat nümayəndələrinin toplaşdığı tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə açdı.
Bildirdi ki, indiyədək «Yaddaş» və «Salnamə» studiyalarında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladları haqqında 40-dan çox sənədli film çəkilib. Bu filmlər təkcə kinoteatrlarda deyil, müəssisələrdə, şagird və tələbə auditoriyalarında da nümayiş etdirilir. Milli Qəhrəmanların həyat yolu hər kəsə, xüsusən də gənc nəslə örnəkdir.
Sonra Milli Qəhrəmanın həyat yoldaşı Emma Qəhrəmanova söz aldı. O, təəssüflə qeyd etdi ki, Ənvərin döyüş həyatından bəhs edən nə bir müsahibəsi, nə də kino lenti qalıb. O, belə şeyləri heç xoşlamaz, döyüşlərdə iştirakını vətəndaş borcu hesab edərdi. Ənvər Fərəcovun uşaqlıq dostu Əli Şəfiyev və sinif yoldaşı Rasim Şirinov onunla bağlı xatirələrini bölüşdülər.
Rejissor Zamin Məmmədov «Vətənə dönənim» filmi üzərində işindən söz açdı, onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Sonra film nümayiş etdirildi.
Salona toplaşanlar öyrəndilər ki, qəhrəman Goranboy rayonunun Sarov kəndində doğulub, indi onun adını daşıyan kənd məktəbində təhsil alıb. Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirsə də, həmişə milis orqanlarında işləmək arzusunda olub. Bu arzu onu Xəzərin o tayına - Türkmənistana aparıb. Ailəsi ilə birlikdə uzun illər orada yaşayıb, bacarıqlı milis işçisi kimi tanınıb. Lakin doğma Azərbaycanda başlayan hadisələr onu Vətənə dönməyə vadar edir. Mayor Fərəcov öz istəyilə Goranboy rayonunun həmsərhəd Todan milis bölməsinə rəis təyin edilir. Azğın ermənilər ilə neçə qızğın döyüşdə öz dəstəsi ilə iştirak edir və 1991-ci il sentyabrın 11-də mühasirədə qalmış döyüş yoldaşlarına silah-sursat apararkən düşmən gülləsinə tuş gələrək həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Ənvər Səyyad oğlu Fərəcova ölümündən sonra Milli Qəhrəman adı verilib.
Sənədli filmdə Milli Qəhrəmanın anası Lilpar xanım, həyat yoldaşı, oğlu, qardaş və bacısı, döyüş dostları Goranboy torpağının igid oğlu Ənvər Fərəcov haqqında öz xatirələrini, fikirlərini paylaşırlar.
Filmin nümayişindən sonra onun oğlu Neymət Fərəcov filmin yaradıcı heyətinə və salona toplaşanlara minnətdarlığını bildirdi.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar