Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan, rejissor Amil Amalın “art house” janrında lentə aldığı “Titrəmə” filminin çəkilişləri sona çatıb.

Bu barədə məlumat verən rejissor bildirdi ki, qısametrajlı filmin artıq post-prodakşn mərhələsi başlayıb. “Titrəmə”nin çəkilişləri ötən il başlanıb və fevralın əvvəlində sona çatdırılıb. Filmin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb.

Baş rolları əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırdığı filmdə söz, mətn yer almayıb, musiqi də olmayacaq.

Filmin ssenari müəllifləri Amil Amal (Məmibəyli), Aqşin Evrən, Ayşad Səfərəliyev, operatoru Əli Sultanov, bədii rəhbəri və prodüseri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

Qeyd edək ki, film bir ayağını mina partlayışı zamanı itirmiş əsgərin dramıdır. O öz ayağını itirdikdən sonra böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur.

Filmin əsas mesajı müharibəni bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdır.

L.AZƏRİ