İntiqam Soltan: “Səhnədə elə oynamalısan ki, sənə baxan peşmanlıq hissi keçirməsin”

2002-ci ildən Bakı Uşaq Teatrı kimi fəaliyyət göstərən və fərqli səhnə nümunələri ilə yetişən nəsillərin teatr zövqünü formalaşdırmağa çalışan sənət ocağı bu ildən Bakı Uşaq və Gənclər Teatrı adlanır. Teatrın direktoru və bədii rəhbəri, Əməkdar artist İntiqam Soltanla da bu “bəhanə” ilə görüşüb, ümumilikdə kollektivin yaradıcılıq planları, teatr-tamaşaçı münasibətləri və sənət məsələləri ilə bağlı söhbətləşdik.

Həmsöhbətim öncə ad dəyişikliyi ilə bağlı məsələdən söz açdı:

– Adın dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır. Teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə bütün yaşlarda maariflənməyə ehtiyacı var. Repertuarımızda indiyə qədər də müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı daha geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, gənc nəslin vətəndaş kimi formalaşmasına xidmət edəcək. 18-ci mövsümünü yaşayan teatr indiyə qədər uşaqlar və böyüklər üçün 100-dən artıq tamaşa hazırlayıb. Azərbaycanda və ölkənin hüdudlarından kənarda müxtəlif  festivallarda, tədbirlərdə iştirak edərək milli teatr sənətimizə töhfələr verib.

 

– İntiqam müəllim, uşaq və gənclər teatrı da xüsusi profillidir və ayrıca münasibət istəyir. Niyə gənclər teatrı?

– Tamaşaçı auditoriyamızı genişləndirməklə həm də aktyorların, teatrın imkanlarını nümayiş etdirməyə çalışırıq. Digər tərəfdən, uşaq tamaşaları daha kiçik auditoriyaya hesablandığından yeniyetmə və gənclərə də xitab etmək, onları yaxşı tamaşaçı kimi formalaşdırmaq istəyirdik. Doğrudur, bundan əvvəl də yeniyetmə və gənclər üçün tamaşalar hazırlayırdıq. Amma indi hədəfimiz daha geniş auditoriyadır.

 

– Söhbət aktyorluqdan düşmüşkən, indi bu sənətə gələn istedadlı və iddialı gənclərin çoxu özünü ya teleseriallarda baş rolda, ya da akademik teatrın səhnəsində əsas obrazlarda təsəvvür edir. Belə olduqda uşaq teatrına aktyor axınından və ya mükəmməl truppadan danışmaq realdırmı?

– Ölkəmizdə uşaq və gənclər, kukla teatrlarının yetəri qədər olduğu halda bizim incəsənət təhsili müəssisəsində nəinki kukla, heç uşaq teatrı, uşaqlarla iş üzrə bir şöbə yoxdur. Nəticədə teatra gələn məzuna yenidən tədris prosesi keçirik. Təbii ki, əgər uşaqlarla işləmək istəyi onun içində varsa. O prosesi də keçmək uzun bir  vaxt aparır. Bizim işimiz aktyor yetişdirmək deyil. Bunu da hansısa formada həll etməyə çalışırıq. Amma bütün bunlara rəğmən mən aktyor truppamızdan razıyam və onlar yetəri qədər istedadlı və səhnə bilgilidirlər.

 

– Uşaqları ən səmimi tənqidçi saysaq, uğurlu və uğursuz tamaşaya reaksiyalarını necə təyin edirsiniz?

– Teatrımızın 18 yaşı var və hələ indiyədək tamaşaçı etirazını görməmişəm. Əksinə, bəzən valideyn zaldan çıxmaq istəyərkən uşaqlar israrla bu tamaşaya baxmaq istəklərini bildiriblər. Bu o deməkdir ki, uşaqlar zövqlü tamaşaçı kimi elə kiçik yaşdan formalaşmalıdır. Valideynlər övladlarının tərbiyəsində teatra yer verməlidir.

 

– Bir zamanlar teatra daha çox ideoloji iş, maarifləndirmə missiyası ayrılırdı...

– İnsanlar onlara nəyi isə öyrədən və bunu diktə edənləri elə də sevmir. Bu mənada teatr da dolayısilə öyrətmək, yəni yüksək səviyyədə zövq təlqin etməklə yetişdirmə missiyasında olmalıdır. Baxın, məktəb təhsil, teatr isə zövq, estetika istiqamətlərini təmin edir.

 

– Siz bu missiyanı yetərincə icra edirsinizmi?

– Uşaq teatrının əsas missiyası əyləndirərək öyrətməkdir. Teatr isə daim özünün maarifləndirmə mövqeyində qalmalıdır.

 

– Çağdaş uşaqlar o meyarları kütləvi və birmənalı qəbul etmir axı.

– Əlbəttə, qəbul etmir. Amma bunun da öz səhnə gedişləri, yaradıcı diplomatiyası var. Ona görə də uşaq teatrları üçün peşəkar mütəxəssislər yetişməli və uşaq  tamaşası da “mən”, “mənə baxmalısan”, “mən daha yaxşı və daha doğrusunu deyirəm”dən çox, öz əsas ideyasının ümumiləşmiş ifadəsinə çevrilməlidir.

 

– Deməli, teatr yenə də məbəd funksiyasındadır?

– Teatr o sahənin adamları üçün məbəd olmalı, onlar onun müqəddəsliyini qorumalıdır. Belə olduqda tamaşaçısı da olacaq, sənət ideyası da yaşayacaq. Səhnədə elə tamaşa oynamalısan ki, sənə baxan təəssüf, peşmanlıq hissi keçirməsin.

Həm də teatr yaratmaq missiyasını elə icra etməlidir ki, onun qüsurlarını hamı görməsin və tamaşaçı bu sintetik sənət sahiblərinin əməyini real həyatın obrazlı yaşam tərzi ilə eyniləşdirməsin. Doğrudur, teatr həyati gerçəkliklərin bədiiləşdirilmiş formasıdır. Bax elə ona görə də özünün yüksək yaradıcılıq nümunəsi olmasını, aliliyini isbat eləməlidir.

 

– Sizcə, çox metaforik, daha doğrusu, pafoslu təyinat olmadı?...

– Bizim yaratdığımız zalda oturanın inkişafına, stressini atmağa xidmət etməyəcəksə, həyata sevgisini, baxışını daha da artırmayacaqsa, səhnəyə niyə  çıxmalıyıq? Axı bunun bir anlamı olmalıdır.

 

– Çağdaş tamaşaçı gülür, yoxsa düşünür? Bizim meydan tamaşamızda da, ilk dramaturji nümunələrimizdə də dərin gülüş daim hakim olub. Yəni tamaşaçı olaraq biz düşünərək gülənlərdən olmuşuq...

– Ümumiyyətlə, müəyyən çərçivələrə görə komediya qurmaq daha çətindir. Komediya nədə məhdudlaşdı: birisinin yanından ötərkən təpəsinə qapaz ilişdirdim, ha-ha, hi-hi-hi. Bu qədər bayağı və bəsit tendensiya təlqin olunduqdan sonra nəyin söhbətin edək? Bu baxımdan getdikcə geri getməyimiz təəssüfləndirici haldır. Teatr bütün dünyada iki qütbə bölünüb: tamaşaçının arxasında gedən və onu arxasında gətirən. Birinci qütbün tamaşaçıya gücü çatmır. Çünki tamaşaçının mənəvi-sosial enerjisi azdır və o, mətləbdən dolayı zövq ala bilmir. İkinci qütb teatr isə o qədər yalnız qalıb ki, mən onu mühasirəyə düşdüyü ərazini tanımayan əsgərə bənzədirəm.

 

– Deməli, teatr mübarizədən çox müqavimət mövqeyindədir?

– Hələ ki, müqavimət. Çünki mübarizəni bərabər tərəflərlə aparmaq olar. Teatrın böyük gücü var və onun əsas silahı canlı ünsiyyətdir. Təbii ki, bu da peşəkar tamaşa və aktyora aid  yanaşmadır.

 

– Ölkədə yetəri qədər teatr var və son zamanlar müstəqil teatrların da sayı artır. Sizcə, müstəqil teatrların, özünü təmin etmək üçün teatr estetikası ilə yanaşı, iqtisadiyyatını da qurmağa meyli nə ilə nəticələnəcək?

– Bunun yaxşı və pis tərəfləri də çoxdur və bu məsələdə həssas olmaq lazımdır. Çünki teatr istənilən halda ideologiya, missiya daşıyır və ondan asanlıqla silah kimi istifadə etmək olar. Əvvəllər bu fikirdə idim ki, teatrların inkişafına meydan açmaq istəyiriksə, özəl teatrlara imkan verməliyik. Amma indi o fikirdə deyiləm. Çünki bəziləri rəqabət üçün işləmirlər. Təbii ki, müəllif teatrı başqa, müstəqil teatr başqa.

 

– Tamaşaçı bazarını necə, öyrənirikmi? Teatr rəhbəri kimi bu işi necə qurursunuz?

– Əslində, bizdə teatr marketinqi, demək olar ki, yoxdur. Bu xüsusda oxuduğum ədəbiyyat və qazandığım təcrübə sayəsində nəsə etməyə çalışıram. Amma məsələnin kütləvi həll olunması üçün kadr lazımdır. Küçədə bilet satmaqla teatrı yaşatmaq olmaz. Bunun o qədər sivil formaları var ki... 

 

– Mən tamaşaçının səhnədə nəyi görmək istədiyini öyrənməməyimizdən danışıram.

– İctimaiyyətlə işin öz yolları var və bu davamlı təbliğata əsaslanmalıdır. Mən və ya digər teatr rəhbərləri və ya inzibatçıları oturub bilet satmağın yollarını axtarmamalı, yaxşı tamaşalara tamaşaçı vərdişinin nəticəsini görməlidir. Bunun üçün kütləvi informasiya vasitələri də dəstək olmalıdır.

 

– Yaxşı tamaşa həm də yaxşı dramaturji material istəyir. Əksəriyyətin ağrılı mövzusuna sizin baxışınız necədir?

– Teatrların bir problemi də məhz budur. Tamaşaçının onu maraqlandıran mövzuların səhnə yozumunu görmək istəyini yerinə yetirmək dramaturqlarla davamlı işdən asılıdır. Bunun üçün də teatrlar məhz onların sifarişləri üçün əsərlər yazacaq dramaturqlarla işləməlidir. Dramaturqlar var. Amma onların çoxu tamaşaçını da, həyatı, gerçəklikləri də, insan münasibətlərinin səhnədə ifadəsini də adekvat əks etdirə bilmirlər. Deyərdim ki, bəzən səhnə imkanlarından belə xəbərsizdirlər. Təsəvvür edin ki, mənə bir müəllifin pyesini təqdim etdilər. Oxuyuram. Səhnədə mıxa bir dana bağlanıb. Dana qarşısındakı tər yoncanı çeynəyir. Bu zaman bir dəstə qaz səhnənin o yanından bu yanına qaqqıldaşa-qaqqıldaşa gedir. Hər şeyi başa düşdüm, axı mən bu qazlarla nə qədər məşq etməliyəm ki, onlar bu başdan o başa qaqqıldaşaraq keçsinlər (gülür). Bəzi dramaturqlarımız bax, bu vəziyyətdədir. Belə əsərlərin səhnəyə yol tapmasına necə yol vermək olar.

 

– Gəlin, 2020-ci il repertuarınıza da nəzər salıb, söhbəti yekunlaşdıraq.

– Daha çox sosial mövzularda tamaşalara üstünlük verir və bu xətti saxlamağa çalışırıq. Yenicə “Ballı” adlı tamaşamızı təqdim etdik. Analar və oğullar mövzusunu ön plana çıxarmaqla öz baxışımızı sərgiləmişik. Tofiq Seyidovun “Bizə dovşan və meşəbəyi lazımdır” əsərini də hazırlayırıq. Ona Əməkdar artist Xəzər Gəncəli quruluş verir. Məşhur  “Qırmızıpapaq” əsərini də yeni baxışla təqdim edəcəyik. “Sıravi Dursun” adlı tamaşamızı da bərpa edirik. Bundan başqa, Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri üzərində işləyirəm. Bir sözlə, planlarımız çoxdur və yenilənən adla yaradıcı fəaliyyətimizi daha da dolğun etmək istəyirik.

Söhbətləşdi: HƏMİDƏ