Ötən illərin kinosu

“Ötən illərin kinosu” rubrikasında bu dəfə Xalq şairi Səməd Vurğunun eyniadlı poeması əsasında 1960-cı ildə ekranlaşdırılan “Aygün” filmindən söz açacağıq. Şairin xatirəsinə həsr olunmuş kinolent ilk Azərbaycan bədii televiziya filmidir.

Əsərdə hadisələr yeni ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.
Aygünlə Əmirxan xoşbəxt cütlükdür. Ancaq Əmirxanın içkiyə qurşanması ailəni dağıdır. Aygün, Əmirxan və onların qızları Ülkər əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması, sevimli işinə, ailəsinə qayıtması onların yenidən birləşməsini təmin edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Kamil Rüstəmbəyov, operatoru Əlihüseyn Hüseynov, rəssamı Faiq Əhmədov, bəstəkarı Zakir Bağırovdur. Rollarda Nəcibə Məlikova, Həsənağa Salayev, Gündüz Abbasov, Rza Əfqanlı, Sofa Bəsirzadə, Bəşir Səfəroğlu, Hamlet Qurbanov, Hacımurad Yegizarov və digər görkəmli sənətkarlar çəkiliblər.
Filmdə bədii əsərin formasının (nəzm) saxlanılması, ekran əsərinin film-poema janrında lentə alınması onun tamaşaçı tərəfindən necə qarşılanacağına dair suallar doğururdu. Amma dövrün mətbu yazıları “Aygün”ün müsbət qarşılandığını göstərir.
Yazıçı-publisist Nurəddin Babayev 1960-cı ildə “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində ekran əsərini yüksək qiymətləndirir. 1961-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 7 yanvar tarixli sayında Xalq yazıçısı İsmayıl Şıxlının film haqqında yazdığı resenziya da “Aygün”ün geniş tamaşaçı kütləsi tərəfindən rəğbət qazandığına işarədir.

Məşhur poema ekranda

Filmin rejissoru Kamil Rüstəmbəyov 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda məsul redaktor vəzifəsində çalışmış, televiziyanın ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmişdir. Telestudiyada “Zəncirlənmiş adam” bədii və bir sıra sənədli televiziya filmlərini, film-konsertləri lentə almışdır. Rejissor 1966-cı ildə “Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə) və s. filmlərə quruluş vermişdir.
“Aygün” filmində K.Rüstəmbəyovun yaradıcılıq dəst-xəttinin bəzi üstünlükləri aydın şəkildə özünü göstərir. Rejissor böyük şairin əsərdəki əsas qayəsini tamaşaçılara dəqiqliklə çatdırır. O, poemanın psixoloji sarsıntılar, imtahanlar əsasında inkişaf etdiyini kino dili ilə mükəmməl şərh edə bilir. Rejissor kimi operator Əlihüseyn Hüseynov da qəhrəmanların sevinci üçün gözəl cizgilər tapa bilmişdir.
Filmin yaranmasının maraqlı tarixçəsi var. Radionun rəhbərliyi “Aygün”ü radio-tamaşa kimi hazırlamağı tapşırmışdı. Ancaq K.Rüstəmbəyov "Aygün"ün ssenarisi əsasında bədii televiziya filmi çəkməyi qərara alır. Müxtəlif maneələrə və texniki təchizatın məhdudluğuna baxmayaraq, o, filmi ərsəyə gətirmək üçün həvəslə çalışır. Nəticədə ssenari televiziya rəhbərliyi tərəfindən bəyənilir.
“Aygün” film-poeması çox çətin, ağır şəraitdə çəkilirdi. O vaxtlar televiziyada bədii filmlərin yaradılması üçün vəsait ayrılmamışdı və televiziyada kino çəkilişi texnikası yox idi. Amma çəkiliş qrupunda əsərin ekranlaşdırılması arzusu yüksək idi.

Müəllif qayəsinin təcəssümü

“Aygün” ailə-məişət dramı olmaqla bərabər, həm də burada humanizm, ətrafındakı adamlar qarşısında məsuliyyət hissi kimi vacib keyfiyyətlər tərənnüm olunur.
Filmin ilk kadrlarından tamaşaçı aktyor Həsənağa Salayevin yaratdığı Əmirxan obrazının Muğana böyük həvəslə deyil, candərdi getmək istədiyini tez hiss edir. Aktyor obrazın keçirdiyi halı tamaşaçıya məharətlə çatdırır. O, heç kəslə hesablaşmayan və heç bir müqavimətə rast gəlməyəcəyinə əmin olan Əmirxanın əhval-ruhiyyəsini dəqiqliklə ifadə edir.
Bütün yaradıcılığı boyu insanın pak və nəcibliyini tərənnüm edən böyük Səməd Vurğun Aygünün simasında Azərbaycan qadınlarının məsum, fədakar, genişürəkli, sevməyi bacardığı kimi, bağışlamağı da bacaran möhtəşəm obrazını yaradıb.
Xalq artisti Nəcibə Məlikovanın canlandırdığı Aygün isə böyük arzu və ümidlərlə yaşayan, ailə səadətini hər şeydən üstün tutan zərif, həssas, mehriban insan surətidir. Onun ifasında zahiri nəzakətlə örtülmüş narazılıqlar duyuruq. Aktrisa bu xarakterin özəlliklərini ustalıqla çatdıra bilir. N.Məlikova bu filmdə də maraqlı, canlı və sevimli bir surət yarada bilmişdir. Onun hər bir hərəkəti təbii və təsiredicidir.
Filmdəki kadrlar ayrı-ayrılıqda nə qədər canlı olsa da, hadisələrin aramla inkişafının şahidiyik. Ekranda hərəkətdən daha çox mühakimənin yer alması dramatik gərginliyi az da olsa zəiflədir. Bunu onunla əlaqələndirə bilərik ki, poemada müəllif qəhrəmanın psixoloji inkişafını açmaq üçün sakit və təmkinlə keçidlər etsə də, kino dilində bu metod o qədər də keçərli deyil. Buna baxmayaraq, film boyunca sonrakı səhnələrdə hadisələr daha da sürətlə inkişaf edir, aktyor oyununda psixoloji sarsıntılar bir-birini əvəzləyir.
Həsənağa Salayev qəhrəmanının daxili aləmini açmaq üçün yeni imkanlardan, ifadələrdən istifadə edir. Məharətli aktyor obrazının mahiyyətini düzgün dərk edir, xarakter cizgilərini ustalıqla aça bilir. O, poemadakı “qartal gözlü, dağ vüqarlı, ağır oturub-duran, polad kimi cingildəyən nüfuzlu səsli, səxavətli, dostlarla məclis quran, tərs, inadkar aqronom Əmirxan” personajına tam uyğun gəlir.
Əmirxan konservatoriyanın bəstəkarlıq şöbəsində oxuyan xanımı Aygünü təhsilini yarımçıq qoymağa vadar edir. Ölkənin çağırışı, institut rektorunun xeyir-duası ilə Muğana getsə də, çətinliklərdən qorxub şəhərə qayıdaraq vaxtını kef məclislərində keçirir. Aygün ərinin müqavimətinə baxmayaraq, körpə Ülkərini bağrına basaraq təhsilini davam etdirir, məşhur bəstəkara çevrilir. Eyni zamanda ailə sədaqətini müğənni Elyarın sevgisindən üstün tutan Aygünün hissə qapılmadan ailəsinə, ərinin yanına qayıtması filmin də dramaturji zirvəsinə çevrilir.
Filmin çəkildiyi dövrü nəzərə alsaq, o zaman üçün belə bir ekran işinin ərsəyə gəlməsini yaradıcı qrupun uğuru kimi dəyərləndirmək olar. Filmdə rejissor, operator işi, aktyor oyunu ilə yanaşı bəstəkarın məharətli musiqisi də bu uğurun əsas hissəsini təşkil edir. Bəstəkar Zakir Bağırovun musiqisi filmin ümumi ahənginə tam uyğun şəkildə nota alınmışdır. Musiqi sanki hadisələrin tamaşaçıya çatdırılmasına bələdçilik edir. 56 ildir mavi ekranları bəzəyən film bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar