Vatikan Muzeylər Kompleksi italyan İntibahının ən görkəmli nümayəndələrindən birinin – Rafaelin vəfatının 500 illiyi ilə əlaqədar cəmi bir həftə müddətinə rəssamın məxsusi olaraq Sikstin kapellası üçün yaradılmış şpalerlərini (süjetli və peyzaj təsvirləri olan xovsuz divar xalçası, əl işi parça) nümayiş etdirirlər. Qeyd edək ki, bu əsərlər beş əsr sonra ilk dəfə toplu halında bu məkanda sərgilənir.

Vatikan Muzeylər Kompleksi sənətsevərlərinə Rafael Santinin (1483-1520) Sikstin kapellası üçün yaradılmış on toxunma xalçasına fevralın 23-dək burada tamaşa etmək üçün fürsət verib. Şpalerlər XV əsrin böyük italyan rəssamları – Bottiçelli, Girlandayo, Perucino və Sinorelli tərəfindən Əhdi-Ətiq (Əski Əhd, Tövrat)  və Əhdi-Cədid (Yeni Əhd, İncil) süjetlərində yaradılmış freskaların əhatəsində və Mikelancelonun 1512-ci ildə başa çatdırdığı məşhur tavanın altında vitrinsiz nümayiş etdiriləcək. Rafael Santi Vatikanın sifarişi ilə İsa Məsihin həvariləri Pyotr və Pavelin fəaliyyəti mövzusunda silsilə səhnələr çəkib. Bu eskizlər əsasında Brüsseldə Piter Kuk van Alstın emalatxanasında xalçalar toxunub. Rafaelin kartonları kimi məşhur olan həmin eskizlər Britaniya Kral Kolleksiyasına daxildir, Viktoriya və Albert Muzeyində saxlanılır. Şpalerlərin özü adətən Vatikan Pinakotekasında, Rafael zalında şüşənin altında nümayiş etdirilir. Bu, şpalerlərin yaxşı saxlanması üçün vacib olsa da, onlara yaxından baxmaq istəyənləri məyus edir.

Papa X Lev bu şpalerləri ilk dəfə 1519-cu il dekabrın 26-da Müqəddəs Stefan günündə görüb. Şpalerlər dramatik kompozisiyaları və iri ekspressiv fiqurları ilə əsl sensasiya yaradıb və Vatikanın məmuru Pari de Qrassini elə sarsıdıb ki, o deyib: “Qiyamət gününə qədər yer üzündə bundan daha gözəl heç nə olmayacaq”.

Qiymətli şpalerləri yalnız böyük bayramlarda asırdılar. İstisna deyil ki, Rafaelin özü onları kapellada birinci və sonuncu dəfə həmin gün görüb, çünki ondan dörd ay sonra 37 yaşında vəfat edib.

CAVİD