Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri hər ay şəhər və rayonlarda vətəndaşların qəbulunu keçirirlər.

Fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda sakinlərlə görüşüb. Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

Sonra nazir Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib. Sakinlər tərəfindən mədəniyyət sahəsi üzrə ali təhsil alan tələbələrin könüllülük prinsipi əsasında mədəniyyət müəssisələrində çalışması, rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərzilik dərnəyinin müasir avadanlıqlarla, kitabxanaların dərsliklər və uşaq ədəbiyyatı ilə təmin edilməsi, yaradıcı sənayenin dəstəklənməsi məqsədilə əl işlərinin satış-sərgilərinin təşkili, uşaq musiqi məktəblərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə ustad dərslərinin keçirilməsi ilə bağlı müraciətlər olub.

Qəbulda vətəndaşlar həmçinin rayonda yerləşən tarixi hamamın təmir-bərpası, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, rayonda mərkəzləşdirilmiş elektron kitabxana sistemi proqramının tətbiqi, uşaq musiqi məktəblərinə musiqi alətlərinin verilməsi, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırıblar.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.

***

Yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 21-də Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayonunda, nazir müavini Rafiq Bayramov isə Cəlilabad rayonunda vətəndaşlarla görüş keçirib. Hər iki görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində nazirin birinci müavini Vaqif Əliyev vətəndaşların müraciətlərini dinləyib. Görüşdə sakinlər tərəfindən tanınmış şair və yazıçılarla bölgələrdə oxucuların görüşlərinin təşkili, kitabxanalara yeni nəşrlərin, musiqi məktəbinə yeni alətlərin verilməsi, rayon Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi ilə bağlı məsələlər qaldırılıb, fəxri ad, işlə təmin olunma barədə xahişlər diqqətə çatdırılıb.

***

Nazir müavini Rafiq Bayramovun Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda müraciətlər Göytəpə şəhər yeddiillik Musiqi məktəbi üçün yeni binanın tikilməsi, rayon ərazisində yerləşən və qeydiyyata götürülməmiş tarixi abidələrin dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına salınması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə olub.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdikləri bu görüşlərdə bütün müraciətlər dinlənilib, bir sıra məsələlər yerində həllini tapıb, həmçinin bəzi müraciətlərin araşdırılması məqsədilə müvafiq tapşırıqlar verilib.