Uşaq rəsm müsabiqəsinin yekun sərgisi

Xətai Sənət Mərkəzində “Xocalı – şəhid şəhər” adı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi. Fevralın 24-də gerçəkləşən sərgi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşdu.

Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Xocalı faciəsinin XX əsrdə xalqımıza qarşı törədilən ən böyük soyqırımı aktı olduğunu bildirdi. O, uşaqların və gənc nəslin tariximizin bu qanlı səhifəsi haqqında dərin biliyə sahib olmalarını və qırğını bədii şəkildə ifadə edə bilmələrini yüksək qiymətləndirdi.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş faciəni unutdurmamaq məqsədilə keçirilir. Müsabiqəyə respublikanın müxtəlif guşələrindən 700-dən çox uşaq 1300-ə yaxın əsəri ilə virtual qaydada qatılıb. Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.

Rəssamlar İttifaqının üzvü Nazim Məmmədov, əməkdar rəssamlar Rafael Muradov və Aydın Rəcəbov çıxış edərək gənc rəssamlara uğurlar arzuladılar.

Daha sonra sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) isə təşəkkürnamə ilə təltif olundu.

Sonda tədbir iştirakçıları Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət etdilər.

Nurəddin MƏMMƏDLİ