Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının ildönümünə həsr edilmiş “Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib.
Musiqişünas Nərgiz Kərimova 28 il əvvəl baş verən qırğından, bu dəhşətin görüntülərinin dünyaya çatdırılmasında telejurnalist Çingiz Mustafayevin fədakarlığından danışıb. Tədbir boyu ekranda faciəni əks etdirən fotoslaydlar, filmlərdən kadrlar nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Xocalı şəhidlərinin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, müxtəlif təşkilatların nümayəndələri qonaq qismində iştirak ediblər. Onlar çıxış edərək tədbir haqqında öz ürək sözlərini söyləyiblər.
Müəllim və şagirdlərin ifasında həzin musiqi nömrələri təqdim olunub. Tədbirdə həmçinin musiqisi Elmin Təhmaza, sözləri Rəna Mirzəyevaya məxsus olan “Xocalım” adlı videoçarx nümayiş olunub.
Məktəbin foyesində şagirdlərin faciə qurbanlarının xatirəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil edilib.