Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsində fevralın 21-də keçirilən sənət axşamı Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovaya həsr olunmuşdu.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə Rübabə Muradovanın həyat və yaradıcılığından söz açıldı, onun musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən bəhs olundu. Vurğulandı ki, sənətkarın yaradıcılıq bioqrafiyasında opera tamaşalarında çıxışları xüsusi yer tutur. Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Xanəndə Opera və Balet Teatrında işləməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olub, bir çox muğamların, xalq və bəstəkar mahnılarının ifasına öz sənət möhürünü vurub.

Xanəndənin bacısı Tahirə Muradova çıxışında qeyd etdi ki, R.Muradova ölümündən bir müddət əvvəl Azərbaycan Televiziyasına dəvət edilib və ifasında konsert lentə alınıb: “Bu onun həyatındakı ilk tam olaraq lentə alınan konserti idi. Rübabə xanımın qeyri-adi gözəl, məxmər səsi vardı, o, bəzən mahnı oxuyanda gözlərindən yaş axırdı. Təəccüblü deyil ki, onun “Heydərbabaya salam” kompozisiyası bu günə kimi heç kəsi laqeyd qoymur. Bir çox xanəndələr Rübabə Muradovanın repertuarına müraciət edir. Arzu edərdim ki, bu mahnılar aranjiman edilmədən ilkin variantında olduğu kimi qalsın. Çünki belə müdaxilələrlə onun orijinallığı, gözəlliyi itirilir”.

Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirdi. Tədbir konsert proqramı ilə davam etdi. Gecədə sənətkar haqqında xoş xatirələr dilə gəldi, tanınmış xanəndələrin ifasında onun vaxtilə ifa etdiyi mahnılar səsləndi.

LALƏ