Xalça Muzeyində mühazirə təşkil edilib
Fevralın 22-də Milli Xalça Muzeyində “Azərbaycan xalq rəqs sənətində tarixi, etnoqrafik, etik və estetik meyarların təcəssümü” mövzusunda mühazirə keçirildi.
Mühazirəni AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyeva aparırdı.
Əvvəlcə muzeyin əməkdaşı Rəna Zeynalova qonaqları salamlayaraq hər həftənin şənbə günləri müxtəlif mövzularda mühazirələr təşkil etdiklərini diqqətə çatdırdı.
Daha sonra mühazirəyə başlayan Folklor İnstitutunun əməkdaşı Kəmalə Atakişiyeva rəqsin insan həyatındakı rolundan, incəsənətin və xalq yaradıcılığının digər sahələri ilə əlaqəsindən söhbət açdı. Qeyd etdi ki, rəqs dünya incəsənətinin ayrılmaz bir qoludur və çox zəngin və qədim keçmişi var. Hələ ibtidai icma quruluşunda rəqs və onun hay-küylə müşayiəti sinkretik formada vahid bir sənət növü kimi mövcud olub. Rəqs həm də bədii-estetik duyum hissi olduğundan adət və ənənələr mərasim və bayramların tərkibində dərin yer tutub. Tədricən emosional tərəfləri bədii-estetik dəyərlərlə zənginləşib və zərif sənət formasına düşüb.
Mühazirəçi alim rəqs sənəti kimi incəsənətin bir çox növləri və janrlarının da milli adət-ənənələr çərçivəsində yaranıb inkişaf etdiyini vurğuladı.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Humanitar Kollecinin müəllim və tələbə heyəti iştirak edirdi.
S.FƏRƏCOV