Azərbaycan

24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi üçrəngli bayrağımızın ideoloji əsasını təşkil edir.

24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb.

24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib.

24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.

24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.

 

25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi,  Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

 

26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 – 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb.

 

27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

27 fevral 1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.

 

Dünya

 

24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786-1859) anadan olub.

 

25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.

25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841-1919) anadan olub.

25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907-1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub.

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.

 

27 fevral 1807 – Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow; 1807-1882) anadan olub. 

27 fevral 1902 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 – 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Siçanlar və insanlar haqqında” və s.

27 fevral 1913 – Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 – 27.9.2009) anadan olub.

27 fevral 1932 – Amerika aktrisası, iki dəfə “Oskar” mükafatçısı Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 – 3.3.2011) anadan olub.

Hazırladı:  Vüqar ORXAN