Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında lentə alınan “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçirildi.
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan təqdimat mərasimində əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etdi ki, ermənilərin Xocalıda törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Bu dəhşətli faciənin dünyada tanıdılması, soyqırımı aktına qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən müntəzəm iş aparılır: “Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etmək olar. Bu kampaniya çərçivəsində dünyanın 70-dən çox ölkəsində tədbirlər təşkil olunub, faciə haqqında kitablar nəşr edilib, filmlər çəkilib. 16 ölkənin, habelə ABŞ-ın 20-dək ştatının qanunverici orqanında Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub”.
Cəmil Quliyev söylədi ki, bu gün təqdim edilən ekran əsəri Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr olunan ikinci sənədli filmdir. Rejissor Kəmalə Musazadənin sənədli filmində Təbriz Xəlilbəylinin ömür və döyüş yolu haqqında maraqlı məqamlar öz əksini tapıb.
Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə bildirdi ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında milli tarixi yaddaşımızın yaşadılması, Qarabağ hadisələri, Milli Qəhrəmanlarımızın tanıdılması üçün çoxsaylı ekran əsərləri lentə alınır. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və torpaqlarımız düşmən tapdağından azad ediləcək.
Daha sonra Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonda “Ulu türkün Təbrizi” sənədli filmi nümayiş olundu.
Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunda kütləvi tamaşalar üzrə rejissor ixtisasına yiyələnib. Bir müddət C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.
Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi başladanda Təbriz Xəlilbəyli də cəbhəyə yollanır. Neçə-neçə yaralı əsgəri atəş altından çıxarır, düşmənin canlı qüvvəsini məhv edir. 1992-ci il yanvarın 31-də baş verən döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Nurəddin MƏMMƏDLİ