Xocalı soyqırımı haqqında sənədli film “Global Film Awards” mükafatına layiq görülüb

Litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi ABŞ-ın “Accolade Film Competition” kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən bildirilib ki, mükafat “Müstəsna nailiyyət” nominasiyası üzrə verilib.
Artıq 11 ildir keçirilən “Global Film Awards” müsabiqəsi dörd film yarışmasını özündə birləşdirir və məqsədi kino, televiziya, video və yeni media sahəsində nailiyyətləri qiymətləndirməkdir. Müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı, karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri də təqdim edilir.
Münsiflərin seçdiyi builki qaliblər arasında ABŞ, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.
“Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər il ərzində daxil olan yüzlərlə filmin içərisindən seçilir.
“Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropanın bir sıra şəhərlərində təqdimatı olub. Filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb dillərinə tərcümə olunub.
Sənədli filmin prodüserləri “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) və Aleksandras Brokasdır (Litva). Ekran əsəri məşhur britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar