Səkkiz cildi işıq üzü görən Azərbaycan Milli Ensiklopediyasının digər cildləri üzərində iş gedir

Ensiklopediya biliyin bütün və yaxud müəyyən sahələrinə dair lüğət şəklində sistemə salınmış məlumatlar toplusudur.

Tarixi mənbələrə görə, ilk dəfə sistemli ensiklopediya yunan filosofu, Platonun şagirdi Speusippos tərəfindən yaradılıb. Roma tarixçisi Pliniusun tərtib etdiyi “Təbiətin tarixi” ensiklopediyasının ərsəyə gəlməsində onlarla müəllif iştirak edib.

Ensiklopediya xalqın inkişaf səviyyəsinin, intellektual potensialının göstəricisi hesab olunur. Buna görə də hər bir dövlətin ensiklopediyası da olmalıdır. Bu gün ensiklopediyalar mədəniyyətin bir atributuna çevrilsə də, dünyada heç də bütün xalqlar öz milli ensiklopediyalarını yaratmayıb, bəlkə də yarada bilməyiblər. Bu yazıda biz Azərbaycan Milli Ensiklopediyası barədə söz açacağıq.

Əvvəlcə ölkəmizdə ensiklopediya nəşrinin tarixinə nəzər salaq. Bu sahədə ilk təşəbbüslər XX əsrin 30-cu illərinə təsadüf etsə də, o vaxt edilən cəhdlər nəticəsiz qalıb. Nəhayət, 1965-ci ildə “Azərbaycan Sovet Ensiklopediyasının nəşri haqqında” qərarla respublikamızda ensiklopediya işinin əsası qoyuldu və Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və “Azərbaycan SSR” xüsusi cildinin (Azərbaycan və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu.

1970-ci ildə ASE-nin 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87-ci illərdə 10 cildin nəşri başa çatdırıldı. “Azərbaycan SSR” xüsusi cildi isə çap olunmadı.

Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci ildə qəbul etdiyi və həmin ilin 30 may tarixində Prezident Heydər Əliyev tərəfindən təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamında Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti qeyd olunurdu.

***

Bəs ötən müddətdə Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə bağlı hansı işlər görülüb?

Azərbaycan Milli Ensiklopediyasının (AME) direktor müavini Afaq Sultanov bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin məlum sərəncamından sonra AME-nin 2007-ci ildə “Azərbaycan” xüsusi cildi Azərbaycan dilində, 2012-ci ildə isə rus dilində çap olunub. Toplunun 2009-2018-ci illərdə 8 cildi işıq üzü görüb. Bu ilin sonuna qədər isə 9-cu cildin nəşr olunması nəzərdə tutulub.

Həmsöhbətimiz qeyd etdi ki, ensiklopediyanın cildlərinin nəşrə hazırlanması və çapa təqdim edilməsi Milli Elmlər Akademiyası tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. 2014-cü ildə Elmi Mərkəzin peşəkar fəaliyyəti üçün hər bir şəraiti olan, yüksək memarlıq tələbləri səviyyəsində tikilmiş yeni binası istifadəyə verilib. Elmi Mərkəzdə ensiklopediyanın çapdan çıxmış bütün cildləri ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə nəşr edilmiş “Azərbaycan Muğam Ensiklopediyası”, müxtəlif dillərdə yazılmış ensiklopedik xarakterli kitablar və foliantlar, o cümlədən alman ilahiyyatçısı Raban Mavr tərəfindən tərtib olunaraq 847-ci ildə çap edilən “Əşyaların təbiəti” ensiklopedik kitabının Almaniyada hazırlanmış əla keyfiyyətli surəti saxlanılır.

Elmi Mərkəzdə 110 nəfərdən çox əməkdaş fəaliyyət göstərir. Onların arasında həm uzun illər bu təşkilatda çalışmış təcrübəli ensiklopediya işçiləri, həm də bu işə yeni başlamış gənclər var.

***

Ensiklopediyanın hazırlanması prosesindən söz açan Afaq Sultanov deyir ki, hər bir cild üzərində işə başlanmazdan əvvəl həmin cildə daxil ediləcək bütün məqalələrin siyahısı bir daha yoxlanılır, lazım gəldikdə əlavələr edilir və çap olunaraq, tanış etmək və razılaşdırmaq məqsədilə aidiyyəti qurumlara göndərilir. Bundan sonra “Sözlük”dəki siyahıya uyğun olaraq təbiət və humanitar elmlər üzrə redaksiyalarda məqalələr yazılır. Məqalələrdə təbiət hadisələri, biomüxtəliflik,  coğrafi ərazilər, dünya ölkələri, iri vilayətlər və şəhərlər, millətlər, elm və texnikanın nailiyyətləri, məşhur sənət əsərləri, mühüm siyasi və ictimai proseslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər, filosoflar, yazıçılar, şairlər, maarifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimləri barədə dəqiq və yığcam məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiətinə, tarixinə, coğrafi bölgələrinə və yaşayış məntəqələrinə, respublikamızdan kənarda olan Azərbaycan tarixi-etnik torpaqlarının toponimlərinə, ictimai həyatın siyasət, hərb, elm, idarəçilik, mədəniyyət, idman və s. sahələrində mühüm işlər görmüş və ya böyük nailiyyətlər əldə etmiş, Azərbaycan dövlətində aparıcı vəzifələrdə çalışmış insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin, AMEA-nın həqiqi və müxbir üzvü, Xalq yazıçısı, Xalq şairi, Xalq rəssamı, Xalq artisti kimi fəxri adlara layiq görülmüş şəxslərin, generalların və admiralların, elmlər doktorlarının hər birinin həyat və fəaliyyətinə xüsusi məqalə həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq böyük nailiyyətlər əldə etmiş azərbaycanlıların, başqa millətlərdən olan, lakin Azərbaycan xalqının və dövlətçiliyinin mənafeyi üçün əhəmiyyətli işlər görmüş şəxslərin də hər biri haqqında məqalə tərtib edilir.

Məqalələr üzərində iş zamanı AMEA-nın institutlarında, başqa elmi təşkilatlarda, ali məktəblərdə, respublikanın sahə elmi mərkəzlərində çalışan alim və mütəxəssislərlə məsləhətləşmələr aparılır, ehtiyac yarandıqda bioqrafik və başqa faktları dəqiqləşdirmək üçün nazirliklərə, icra orqanlarına, ayrı-ayrı şəxslərə müraciət edilir. Xüsusilə irihəcmli və mühüm məqalələrin əlyazmaları qiymətləndirilmək üçün müvafiq elmi təşkilat və müəssisələrə göndərilir, onlardan alınmış rəylərdəki irad və əlavələr iş prosesində nəzərə alınır.

Həmsöhbətimiz onu da bildirdi ki, nəşrlərin hazırlanması zamanı dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən də istifadə edilir. Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki variantda nəşr edilir. Xüsusilə nəfis şəkildə tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksək keyfiyyətli kitabxana variantı isə Bakıda “Şərq-Qərb” nəşriyyatında çap olunur. Bu yaxınlarda cildlərin elektron versiyasının da hazırlanması planlaşdırılır. Hazırda toplunun 6 cildi AME-nin saytında (http://ensiklopediya.gov.az) yerləşdirilib.

Direktor müavini sonda qeyd etdi ki, ensiklopediyanın nəzərdə tutulan digər cildləri də qarşıdakı illərdə yüksək keyfiyyətdə hazırlanaraq oxucuların ixtiyarına veriləcək.

Nurəddin MƏMMƏDLİ