Azərbaycan

28 fevral 1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

28 fevral 1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.

28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb, filmlərdə çəkilib.

28 fevral 1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940-1994) anadan olub.

28 fevral 1944 – Əməkdar artist, müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub.

 

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub.

 

2 mart 1945 – Tərcüməçi, nasir Zeydulla Abdulla oğlu Ağayev (1945 – 17.2.2014) Masallı rayonunda anadan olub. Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.

 

3 mart 1873 – Yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873-1928) Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub, uşaqlar üçün şeirlər, hekayələr yazıb.

3 mart 1904 – Əməkdar artist Abbas Mirzə oğlu Rzayev (1904 – 12.6.1976) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub.

3 mart 1912 – Yazıçı Manaf Süleymanov (1912 – 12.9.2001) anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” kitabının, “Dalğalar qoynunda”, “Yerin sirri” və s. romanların müəllifidir.

3 mart 1914 – Əməkdar artist Cəvahir Allahverdi qızı İsgəndərova (1914 – 4.10.2003) Tiflisdə doğulub.

3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 – 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub.

3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937 – 17.3.1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım” və s. əsərlərin müəllifidir.

 

Dünya

 

28 fevral 1823 – Fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan; 1823-1892) anadan olub.

 

29 fevral 1792 - Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini; 1792-1868) anadan olub.

 

1 mart 1445 – İntibah dövrünün məşhur italyan rəssamı Sandro Bottiçelli (əsl adı – Alessandro di Mariano di Vanni Filipepi; 1445 – 17.5.1510) anadan olub.

1 mart 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 – 17.10.1849) anadan olub.

1 mart 1892 – Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.

 

2 mart 1824 – Cex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana; 1824-1884) anadan olub.

2 mart 1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.

 

3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında balet (libretto müəllifi – Y.Slonimski) yazıb.

Hazırladı:  Vüqar ORXAN