Afrika və Cənubi Amerika vahid qitə imiş

Britaniya alimləri ilk dəfə olaraq Braziliyanın şərqində Tabaşir dövrünün əvvəlinə aid çöküntüdə qədim ağac qatranının (kitrə) daşlaşmış nümunələrini tapıblar. “Scientific Reports” jurnalında yer alan məlumatda bildirilir ki, tapıntının tədqiqi Mezozoy erasının flora və faunası haqqında paleontoloqların təsəvvürlərini genişləndirə bilər.

Portsmut Universitetinin (Böyük Britaniya) professoru Devid Martill deyib: “Məni daha çox təəccübləndirən o oldu ki, indiki Braziliya ərazisində 110 milyon il əvvəl bitmiş bitkinin daşlaşmış şirəsi kitrənin kimyəvi tərkibinə görə müasir Afrikada bitən eyni bitkidə olduğu kimidir. Tabaşir dövründə Afrika və Cənubi Amerikanın vahid qitə olması nəzərə alınarsa, bu, çox maraqlı kəşfdir”.

Milyon illər öncə formalaşmış ağac kəhrəbası parçaları çoxdan bəri paleontoloqlar, klimatoloqlar və geofiziklər üçün ən maraqlı tapıntılardan birinə çevrilib. Bunların içində çox vaxt nəinki həmin dövrün hava qovuqcuğu, həm də həşəratların, bitkilərin, quş və dinozavr lələklərinin qalıqları olur. Son illər alimlər Myanmada və Latın Amerikasında qədim çiçəklərin qalıqlarının, qədim quşların qanadlarının, habelə Mezozoy erasına aid flora və faunanın digər maraqlı izləri olan kəhrəba parçası tapıblar.

Uzun müddət paleontoloqlar güman edirdilər ki, kitrə qədim süxur təbəqələrinin içində qorunub saxlana bilməz, çünki su onu asanlıqla yuyub apara bilər. Ona görə də tədqiqatçılar onun izini Mezozoy və ya Kaynozoy erasında axtarmağa heç vaxt cəhd göstərməyiblər.

Professor Devid Martill bildirir ki, bu fərziyyənin yanlış olduğunu o və həmkarları Braziliyada qazıntı aparılarkən biliblər. Orada Krato formasiyasına aid süxurlar var. Həmin süxurlar təxminən 110 milyon il əvvəl, Tabaşir dövrünün əvvəlində formalaşıb. O zaman Qondvana superqitəsi iki hissəyə –  Afrika və Cənubi Amerikaya bölünməmişdi. Həmin çöküntülərdə alimlər valvisiya cinsindən “Welwitschiophyllum” bitkisinin qalıqlarını tapıblar ki, onların son nümayəndələrinə indiyədək Afrika ərazisində rast gəlinir. Tərkib baxımından digər maraqlı cəhət onun həmin bitki şirəsinin müasir valvisiyalardan ayrılan kitrədən fərqlənməməsidir. Bu, onların “canlı qazıntılar” olmasını bir daha təsdiqləyib. Onlar Afrika səhralarında on milyonlarla il ərzində dəyişməyib. Yeni tapıntının tədqiqi qədim dünyanın flora və faunası haqqında təsəvvürləri xeyli dərəcədə zənginləşdirəcək.

CAVİD