İki gün davam edən respublika müşavirəsində bu barədə ətraflı söhbət açıldı

Azərbaycanın qədim tarixə, mədəniyyətə, özünəməxsus adət-ənənələrə sahib olması bu mədəni zənginliyin beynəlxalq səviyyədə təbliğ olunmasına və xarici qonaqların mədəni marşrutlardan istifadə etməsinə geniş zəmin yaradır. 2011-ci ildən “Avropa Şurasının mədəni marşrutları” layihəsinə (Cultural Routes of Council of Europe) qoşulan ölkəmizin bu sahədə böyük potensialı var.

Fevralın 28-29-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müşavirəyə dövlət və özəl sektorun təmsilçiləri və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri qatılmışdı.

Müşavirədə Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni də iştirak edirdi.

Müşavirədən əvvəl jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, hazırda Azərbaycan Avropanın beş mədəni marşrutunun üzvüdür: “Bu nailiyyətləri biz son illərdə əldə etmişik. Bu gün Azərbaycan Avropa mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilib. Ölkəmizin Avropanın mədəni marşrutlarında iştirakı yaradıcılıq potensialımızın realizə olunması və təbliği baxımından olduqca əhəmiyyətlidir. Ölkəmizin tolerant və multikultural dəyərlərə hörmət etməsi Avropada yüksək qiymətləndirilir”.

Nazir qeyd etdi ki, Azərbaycan ərazisində termal su mənbələri də bu istiqamətdə əlaqələrə geniş meydan açır. “Qalaalatı” kurort mərkəzi Avropanın “Termal şəhərlər” mədəni marşrutuna üzv olub. Ötən il Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda təmsil olunmağa başlayıb: “Biz düşünürük ki, bu istiqamətdə Azərbaycan da yeni yolların təşəbbüskarı ola biləcək. Avropa proqramının rəhbərinin ölkəmizə gəlməsi və bu konfransda iştirakı mədəni sahədə fəal mövqeyimizi əks etdirir”.

***

Sonra “Mədəniyyət” kanalının əməkdaşı Ruslan Həsənlinin moderatorluğu ilə müşavirə işə başladı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev müşavirə iştirakçılarını salamladı, Azərbaycanda yaradıcı sənayenin inkişafından söz açdı. Qeyd etdi ki, ölkəmizdə yaradıcı sənayenin imkanları çox genişdir və onun inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir: “Ötən ilin dekabrında bir sıra dövlət qurumlarının iştirakı ilə böyük bir tədbir keçirildi, fevralın 27-də bu sahədə daha bir forum gerçəkləşdi. İstərdim ki, bu müşavirə də nazirliyin strateji yol xəritəsində öz əksini tapsın və inkişaf etdirilsin”.

Nazir bildirdi ki, Azərbaycan neçə illərdir “Avropa Şurasının mədəni marşrutları” layihəsinin üzvüdür. Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu mövzuda xüsusi müzakirə panelləri təşkil olunub. Biz bu hərəkata çox sürətlə daxil ola bildik. Hazırda Azərbaycan həmin layihənin 5 marşrutunda – “Şərab Yolu”, “Yəhudi irsi üzrə Avropa marşrutu”, “Qədim qayaüstü incəsənət izləri”, “Termal şəhərlər” və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutlarında təmsil olunur”.

 

Ölkəmizin yaradıcılıq potensialının nümayişinə zəmin

 

Nazir vurğuladı ki, mədəni marşrutlar Azərbaycan mədəniyyətinin təbliğatına, yeni fikirlərin formalaşmasına, ölkəmizin yaradıcılıq potensialının nümayişinə şərait yaradır: “Qeyd olunan bu marşrutların hərəsinin özünəməxsus missiyası var. Hər bir marşrut insanların fəaliyyəti ilə, ənənələr və yaradıcılıq imkanları ilə bağlıdır. Hesab edirəm ki, bu marşrutların inkişafı eyni zamanda Azərbaycanda mədəniyyət sahəsinin təkmilləşdirilməsinə müsbət təsir göstərir. Çünki yalnız yeni mübadilə və yeni fikirlər, digər ölkələrdə gedən prosesləri izləyərək mənimsəmək Azərbaycanın mədəniyyət mənzərəsinin dəyişilməsinə əhəmiyyətli təsir göstərə bilər”.

Əbülfəs Qarayev ölkəmizin qoşulduğu beş mədəni marşrutun hər birinin əhəmiyyətindən söz açdı. “Şərab yolu” marşrutu barədə danışan nazir bildirdi ki, Azərbaycanda XIX əsrdə almanlar tərəfindən sənaye üsulu ilə şərab istehsalının əsası qoyulmuş və bu məhsul dünya bazarına çıxarılmışdı. Sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən üzümçülüyün inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər öz bəhrəsini vermişdi. O dövrdə SSRİ-də Azərbaycan üzümçülüyün inkişafında ön sırada idi. Ancaq 80-ci illərin sonlarında və müstəqilliyimizin ilk illərində bu təsərrüfat sahəsi zəiflədi, çətinliklər meydana çıxdı. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində şərabçılıq da bərpa olunaraq yeni mərhələyə qədəm qoyub. Bu sahənin inkişafında  şərabçılığın ənənələri, qida mədəniyyəti kimi formalaşması əsas götürülməlidir. Nazir Azərbaycan xalqının tolerantlığının dünyada təqdir olunduğunu dedi. Bildirdi ki, ölkəmizin “Yəhudi irsi üzrə Avropa marşrutu”nda təmsil olunması da tolerant və multikultural dəyərlərə rəğbətlə yanaşmağımızın nəticəsidir: “Avropada XIV əsrdən etibarən 300-ə qədər yəhudi şəhərciyi mövcud olub. Bu gün onlardan bəlkə də yeganə qalanı bizim ölkəmizdə, Quba rayonundakı Qırmızı Qəsəbədir. Bu da bizim tolerantlıq ənənələrinə sadiqliyimizi əks etdirir və bunu lazımınca təbliğ etmək lazımdır. Cənab Prezident Azərbaycanda multikultural dəyərlərin qorunması ilə bağlı mühüm sərəncamlar imzalamışdır. Bu fəaliyyət bizə geniş imkanlar yaradır”.

Qobustanı Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirən nazir ölkəmizin “Qədim qayaüstü incəsənət izləri” beynəlxalq mədəni marşrutuna daxil edilməsinin təbii olduğunu vurğuladı: “Çünki bu mədəni marşruta cəmi yeddi ölkə daxildir ki, onlardan biri Azərbaycandır. Bu gün biz xalqımızın yaradıcılıq qabiliyyətinin bünövrəsini Qobustanda görürük. Hələ 20 min il bundan əvvəl bu ərazidə yaşayan insanlar bənzərsiz bir miras yadigar qoyublar”.

Qeyd olundu ki, “Termal şəhərlər” mədəni marşrutu da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın bu sahədə böyük potensialı var və malik olduğumuz bu imkanlar geniş təbliğ olunmalıdır: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə də termal su qaynaqlarımız var. Təəssüf ki, biz onlardan yararlana bilmirik. Bu gün Avropada müalicəvi sulardan istifadə etmək niyyətində olan insanlar bu marşrut vasitəsilə Azərbaycanı da ziyarət edirlər”.

Nazir ölkəmizin ötən il qoşulduğu “Zeytun ağacları” marşrutunun əhəmiyyətini də vurğuladı. Qeyd etdi ki, zeytun bəşəriyyətin tarixini əks etdirən bir ağacdır və sülhsevərliyi simvollaşdırır. “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların bu marşruta cəlb olunması əsas məqsədlərdəndir.

Sadalanan marşrutlar üzrə hər bir region müəyyən layihələr həyata keçirməlidir. Bu mənada müvafiq sahələr üzrə istehsalat, turizm, internet üzərindən reklam və s. fəaliyyət gerçəkləşdirilməli, yeni xidmətlər formalaşdırılmalıdır.

 

Yeni marşrutların təşəbbüskarı ola bilərik

 

Əbülfəs Qarayev bildirdi ki, sözügedən marşrutlarla əlaqəsi olmayan regionlar da yeni formalardan istifadə edərək bu prosesə qoşula bilərlər: “Digər bir məsələ isə yeni marşrutların yaradılmasıdır. Məsələn, xalçaçılıqla bağlı marşrut yaradıla bilər. Biz qədim xalçaçılıq ənənələrinə mailik bir xalqıq və bunu təbliğ etməliyik. Hesab edirəm ki, Azərbaycanda xalça işi ilə məşğul olan təşkilatlar bu haqda düşünməlidirlər və nazirlik onlara dəstək verməyə hazırdır. Eyni zamanda Azərbaycan qədim musiqi beşiklərindəndir. Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində muğam sənətinin inkişafı ilə bağlı xüsusən islam ölkələri, İSESCO çərçivəsində yeni mədəni marşrutun yaranmasına təşəbbüs göstərməliyik. Bu marşrut “İslam dünyasının muğam yolları” adlana bilər. Yəni yeni mədəni marşrutların təşəbbüskarı olmalı, bu istiqamətdə real addımlar atmalıyıq. Bu da, sözsüz ki, Azərbaycan mədəniyyətinin təbliğinə öz töhfəsini verəcək”.

Çıxışının sonunda nazir müşavirənin işinə uğurlar arzuladı və iki gün müddətində maraqlı müzakirələr aparılacağına əminliyini bildirdi.

***

Sonra Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni çıxış etdi. Bildirdi ki, mədəniyyət xalqın tarixinin əsasıdır. Bu baxımdan Azərbaycanda təşkil edilən bu müşavirə böyük əhəmiyyət kəsb edir.

Qonaq təmsil etdiyi qurumun fəaliyyəti haqqında da məlumat verdi. Dedi ki, Azərbaycanın mədəni marşrutlarda iştirakı milli ənənələri inkişaf etdirərək təbliğ etməyə şərait yaradır: “Azərbaycanın həm də Şərqlə yaxınlığı bu marşrutların zənginliyinə və müxtəlifliyinə səbəb olur. İnanıram ki, bu müşavirədə zəngin mübadilə aparılacaq və müxtəlif yeni ideyaların yaranmasına vəsilə olacaq”.

Açılış mərasimindən sonra müşavirə panel iclasları ilə davam etdi.

LALƏ