Aşıq sənətimizin iki tanınmış nümayəndəsi – Osman Əhmədoğlu (Dərviş Osman) və Dəmir Vəliyev bu günlərdə dünyasımı dəyişib. Bu barədə Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.
Osman Əhmədoğlu (Dərviş Osman; 1948-2020)
Borçalı aşıq mühitinin tədqiqinə, təbliğinə və türk dünyasında tanıdılmasına böyük əmək sərf etmiş görkəmli aşıqşünas Osman Əhməd oğlu Əfəndiyev ömrünün 72-ci ilində vəfat edib. “Dərviş Osman”, “Osman Əfəndi” və “Osman Əhmədoğlu” imzası ilə çoxsaylı kitab və məqalələrin müəllifi olan Osman Əfəndiyev Borçalı aşıq sənətinə üzağardan xidmət göstərib.
Osman Əhmədoğlu Azərbaycan, Gürcüstan, Türkiyə və İranda saz-söz ictimaiyyətinin yaxından tanıdığı və rəğbət göstərdiyi hörmətli bir ziyalı idi. Borçalı aşıqlığını dərindən bilən O.Əhmədoğlu öz müasirləri olan H.Saraclı, Ə.Gülməmmədov, K.Əfəndiyev kimi ustadların beynəlxalq miqyasda tanıdılmasında qeyrətkeş bir qələm əhli kimi fəaliyyət göstərib.
O, uzun müddət Gürcüstan Aşıqlar Birliyinə də rəhbərlik edib.
Osman Əhmədoğlu əziz dost, gözəl şair və aşıq sənətinin cəfakeş qoruyucusu kimi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Dəmir Vəliyev (1972-2020)
Xalq arasında Koroğlu aşığı kimi şöhrət tapmış Dəmir Vəliyev Azərbaycan aşıq sənətinin sıralarını vaxtsız tərk edib.
Zəngin repertuara malik aşıq Dəmir Vəliyev klassik saz havalarının və dastanların dərin bilicisi idi. Ustad İmran Həsənov ifaçılıq məktəbinin layiqli davamçısı olan bu istedadlı aşıq Koroğlu havalarının da bənzərsiz ifaçılarından biri kimi tanınırdı. O, bir çox festivalların diplomantı olub, ifaları televiziya və radionun “qızıl fondu”nda yer alıb.
Dəmir Vəliyev Azərbaycanla yanaşı İran, Türkiyə və Orta Asiya respublikalarında da şaqraq, zil və məlahətli səsə malik ustad aşıq kimi tanınır və sevilirdi.
Aşıq sənətinin gənc nəslə öyrədilməsində də ustad Dəmir Vəliyevin unudulmaz xidmətləri vardır. Onun xatirəsi Azərbaycan aşıqlığında daim yaşayacaq.
Azərbaycan Aşıqlar Birliyi hər iki sənətkarın vəfatı ilə bağlı onların ailələrinə, yaxınlarına, eləcə də aşıq sənətini sevənlərə başsağlığı verir.
Allah rəhmət eləsin.