Macar dilində çəkilən “Atəşkəs” sənədli filminin Azərbaycan dilində ilk nümayişi

Fevralın 17-də Nizami Kino Mərkəzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filminin təqdimatı keçirildi. Macar-Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri layihə əsasında istehsal edilmiş ekran əsəri ilk dəfə Azərbaycan dilində nümayiş olundu.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Nümayişdən əvvəl çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirdi ki, sənədli film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsəri Macarıstanın “Oriqo” studiyasında macar dilində (ingilis dilində subtitrlərlə) lentə alınıb. “Atəşkəs” filminin ilk təqdimatı 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə film Azərbaycan dilinə dublyaj olunub.
Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri qırğınlar, Qarabağ həqiqətləri, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Torpaqlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətlər, yaşadıqları faciələr filmdə öz əksini tapıb. Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin həm Macarıstan, həm də bütövlükdə Avropa ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət kəsb edir.
Sonra “Atəşkəs” sənədli filmi nümayiş olundu. Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün mərhələlərindən, Dağlıq Qarabağ müharibəsinin acı nəticələrindən, Xocalı soyqırımından söz açılır. Macar, alman, fransız və amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanları olan şahidlərin ifadələri səsləndirlir. Filmdə Azərbaycanın tarixinə dair faktlar, işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimlərini əks etdirən unikal kadrlar da yer alıb.
İki il müddətində Azərbaycanda davam edən çəkilişlər, şahidlərdən müsahibələrin alınması, arxiv materiallarının toplanması, cəbhə xəttində çəkilişlərin aparılması bilavasitə BAMF-nin əməkdaşlarının iştirakı və dəstəyi ilə reallaşıb.
Filmin nümayişindən sonra səhnəyə çıxan Macar Turan Fondunun sədri Andros Biro Azərbaycan və macar xalqlarının dostluq əlaqələrindən söz açdı. O, filmin dünyaya bir mesaj olduğunu bildirərək əlavə etdi ki, ekran əsərində əksini tapan hadisələr insanlığın faciəsidir. Qonaq bu tarixi həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırmasında iştirak etməkdən qürur duyduğunu vurğuladı.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sənədli filmin “İşğalın qurbanı” layihəsi çərçivəsində çəkildiyini diqqətə çatdıraraq bu işdə əməyi olan hər kəsə minnətdarlıq etdi.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək bildirdi ki, 24 il əvvəl dünya Xocalıda insanlıq əleyhinə dəhşətli bir cinayətə şahidlik etsə də, susdu: “Faciədən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdıra bilmişik. Azərbaycan xalqına qarşı bu soyqırımını indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər, o cümlədən Ermənistanın dövlət başçısı həyata keçirib. Biz bu həqiqətləri dünyaya çatdırmaqla heç də Azərbaycan xalqında, tərəqqipərvər bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük. Biz erməni xalqını düşmənimiz saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır”.
Əli Həsənov son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açdı. Qeyd etdi ki, təqdim olunan ekran əsəri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətdə aparılan işlərə dəstəkdir. O, filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirdi.
Sonda Macar Turan Fondunun sədri Andros Biroya və BAMF-nin sədri Umud Mirzəyevə QHT-lərə Dövlət Dəstəyi Şurasının diplomları təqdim olundu.
Qeyd edək ki, filmin ssenari müəllifi Andras Biro, rejissoru Erik Boqnar, prodüseri Qabor Szabodur. Filmin Avropanın müxtəlif şəhərlərində nümayiş olunması planlaşdırılır.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar