Martın 18-də YARAT Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Fərid Rəsulovun “Qurban olum” və Amsterdamda yaşayan rəssam Əhməd Öğütün “Heç bir şeir şairini sevməz” sərgiləri təqdim olunacaq.
Fərid Rəsulov yeni sərgisində müqəddəs Qurban bayramına həsr olunmuş əsərlərini təqdim edəcək. Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində təmsil etmiş Fərid Rəsulov Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlər boyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır, adət-ənənələri müasir reallıqlar fonunda yenidən qiymətləndirməyə çalışır.
İllüstrativ yanaşmanın istifadə edildiyi bu əsərlərdə karnaval kimi qeyd edilən Qurban bayramı təsvir olunur.
İyunun 14-dək davam edəcək sərginin kuratoru Suad Qarayeva-Malekidir.