Film sovet ideologiyasının diktəsinə yenilsə də, sənət nöqteyi-nəzərindən əhəmiyyətli kinolentdir

İctimai-siyasi formasiyadan miras qalan elə şeylər var ki, onu beynimizdən, zövqümüzdən, həyatımızdan çıxarmaq o qədər də asan olmur. Biz bu gün onlara qayıtmasaq da, sənətin müxtəlif növlərində əks olunaraq yaşamaqdadır. Rəssamlıqda, musiqidə və konkret olaraq kinoda. 1960-1980-ci illərdə Azərbaycan kinosunda tarixi-inqilabi janrda bir sıra filmlər çəkilir. Həmin ekran əsərlərindən biri də rejissor Ağarza Quliyevin 1960-cı ildə ekranlara çıxan “Səhər” filmidir. “Yubilyar filmlər” rubrikasında bu ekran əsərindən söz açacağıq.

Xalq yazıçısı Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında ekranlaşdırılan filmdə Bakıda 1905-1907-ci illərdə baş verən inqilabi hadisələrdən bəhs edilir. Ekran işində kənddən Bakıya gəlib neft mədənlərində işləyən fəhlə Bayramın bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən danışılır. Filmdə fəhlələrin çətin həyat şəraiti də diqqət mərkəzinə çəkilir, kinolent boyunca digər məsələlərə də toxunulur. 

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qeyd edir ki, bu qəbildən filmlərə artıq bugünkü rakursdan baxmaq lazımdır. Sovet Azərbaycanının 40 illiyinə hədiyyə kimi ekranlaşdırılan “Səhər” filmi haqqında kifayət qədər məlumat yoxdur. A.Kazımzadənin “Kino və zaman” kitabında bu barədə qısa məlumat verilir. Qeyd edilir ki, “Kommunist” qəzetinin 1 dekabr 1959-cu il buraxılışında Ə.Ağayev adlı müəllifin “Səhər” romanını ekranlarda görəcəyik” adlı reportajı dərc edilib. Həmin məqalədə filmin Balaxanıda lentə alındığı, rolları kino sənətinin mahir ustalarının oynadığı vurğulanır. Filmin rəssamı Məmməd Hüseynovun köhnə Bakı lövhələrini ustalıqla yaratması da diqqətə çatdırılır. Ssenari müəllifi Mehdi Hüseyn olan filmin operatoru Dmitri Feldman, bəstəkarı Fikrət Əmirovdur, mahnıların mətnini Nəbi Xəzri yazıb.

Filmdə XX yüzilliyin əvvəllərinin neft mədənləri canlandırılır. Peşəkar kinorejissorun tarixi dövrə yaxından bələdliyi təsvirlərdə aydın görünür. Yanğın, eləcə də kütləvi səhnələr bədiiliyi ilə diqqət çəkir. Ələsgər Ələkbərov (Rəhim bəy), Lütfi Məmmədbəyov (Aslan), Əli Zeynalov (Abuzər bəy), Elmira Şabanova (Sevda), Nodar Şaşıqoğlu (Əzizbəyov), Giuli Çoxonolidze (Bayram) kimi sənətkarlar filmdə obrazlara həyat veriblər.

***

Filmin ən yaddaqalan obrazlarından biri Aslandır. Xalq artisti Lütfi Məmmədbəyovun unudulmaz kino obrazlarından olan Aslan öz ideyası, sağlam təfəkkürü, nəcib əməlləri və incə qəlbinə görə müasirlərindən seçilir. Aslan obrazı bütün dövrlər üçün aktual və müasirdir. Lütfi Məmmədbəyov hər zaman həyat verdiyi obrazın daşıdığı sosial-ictimai yükün ağırlığını tamaşaçıya sənətkarlıqla çatdırmağa çalışırdı. Kinoşünas Şəhla Əmirli filmdəki Aslan obrazını belə səciyyələndirir: “Kinorejissor Ağarza Quliyev XX əsrin əvvəllərində neft Bakısında baş verən dramatik hadisələrin mahiyyətinin ciddiliyinə vararaq əsərin ekran təfsilatında müasirlik ideyasını da qabardıb. Müasirlik duyğusu hünərdir, cəsarətdir, azadlıq istəyidir, xarakter tamlığıdır, maarifləndirmək, habelə ailəyə hörmət, sevgiyə dəyər, sülhə çağırışdır. Bütün bunlar Aslanın şəxsiyyətində cəmlənib. O, mərddir, cəsurdur, sevgisinə sadiqdir, dostluqda dönməzdir”.

Fikrət Əmirovun musiqisi filmin leytmotivi ilə sıx bağlıdır. Onu da qeyd etmək yerinə düşər ki, bəstəkarın kino musiqisində ilk işi məhz “Səhər” filmidir. F.Əmirovun film musiqilərini bu gün də tamaşaçılar rəğbətlə qarşılayır və bu nəğmələr filmlərin ideyasının təqdimində mühüm rol oynayır. Filmdə Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıları bu gün də müğənnilər həvəslə oxuyurlar...

60 yaşlı “Səhər” filmi sovet ideologiyasının diktəsinə yenilsə də, sənət və sənətkarlıq nöqteyi-nəzərindən əhəmiyyətli kinolentdir.  

Lalə AZƏRİ