“Birincisi, mən sülhü sevirəm, ancaq daha artıq dərəcədə öz vətənimi sevirəm. İkincisi, hərgah dövlətin taleyi bunu tələb edirsə, biz, yəni yaponlar, öz ənənəmizə görə, şəxsi mövqelərimizdən asılı olmayaraq, dövlətimizə xidmət edirik”.

Yapon dramaturqu, çağdaş dünya ədəbiyyatında məxsusi yeri olan Kobo Abenin bu monoloqla başlayan “İstehkam” dramı konkret bir ailənin darmadağınlıq təsviri olmaqla yanaşı, bütünlükdə müharibənin mənəviyyata vurduğu sarsıdıcı zərbənin ən yaxşı təsvir nümunələrindəndir.

İnsana mürəkkəb vəziyyətlərdə özü ilə məhkəmə qurmağı, bütün cəza forma və metodlarından ən ağırı kimi vicdan mühakiməsi etməyi təlqin edən ikipərdəli pyesdə müharibə zamanı silah zavoduna rəhbərlik edən və hərbi tribunalda ittiham olunan ata və onun riyakar ailəsi təsvir olunur.

Zaman və mövzu baxımından daim aktual əsəri dilimizə Xalq yazıçısı Elçin tərcümə edib. Müəllifin ağır mətləbləri ustalıqla və həm də zəncirvarı qələmə aldığı pyesdə ideya da dağınıqdır: sən ümumi maraqlar içində çapaladıqca batacaq, müdafiəyə qalxdıqca hücumlara məruz qalacaqsan.

Tamaşanı müstəqil “Şah Mat” teatrının təqdimatında izlədik. Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstəyi çərçivəsində Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində nümayiş olunan “İstehkam”a  gənc rejissor Ümid Abbas quruluş verib. Quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanan tamaşada rolları aktyorlar Qabil Əkbərov (Ata), Fuad Əliyev (Kişi), Əminə Cəfərova (Xanım), Anar Bulud (Nökər Yagi) və Günel Abbas (Rəqqasə qız) ifa edirdilər.

Əsərə korrekt yanaşan, onun dağıdıcı və bir az da ağır həqiqətini mizandan-mizana parçalamaqla ümumi plandakı gərgin atmosferi sona qədər saxlayan quruluş müəllifi bizə elə ilk səhnədən təxmini annotasiya nəql edir. Axsaq Nökər Yagi hər iki sahibini – həm keçmişdə qüdrətli, indilərdə ciddi yaddaş pozuntusu yaşayan köhnə sahibini, həm də onun eqosuna çoxdan ram olmuş xudbin və zəif oğlunu qane etməyə çalışır. Əslində, nə ataya, nə də oğula sadiq deyil. Kölgədə öz hakimiyyətini qurduğunu zənn edən və oyunundan hər kəsin xəbərsiz olduğunu düşünən hiyləgər, miskin xidmətçi öz nəfsinə uduzub. Hər iki ağası, eləcə də xanımı kimi. Amma bunu etiraf edə bilmir və özündən asılı olmayaraq hərəkətlərin mərkəzinə çəkilərək yeni sahibinin malına çevrilir.

Mütəmadi isterikaya düşən, hələ müharibədə uduzduqlarını anladığı anda ölkədən qaçmağa çalışan və yalnız oğlunu özü ilə aparmaq istəyən ata çoxdan hər şeyini itirib. Amma bunu qəbul eləmir və bu işdə itmiş yaddaşı ən yaxşı silahıdır. Elə atasını bacısının ölümündə, anasının bədbəxtliyində ittiham edən oğlunun da.

Oyun içində iyrənc oyunlar var: ata özünü, oğul atasını, nökər hər ikisini, qadın hamısını, rəqqasə isə bədənini aldadır.

İstər ümumi planda, istərsə də fərdi bölgüdə absurd atmosfer var və tamaşaçı bu ağırlıqda rahat deyil. Ümumi mövzu, ideya ağırlığı oyuna da sirayət edirdi. Sanki aktyorlar tamaşanın yükünü ata bilmədiklərini hər vəchlə hiss etdirməyə fokuslanmışdılar. Təbii ki, yeni, müstəqil, bir az da iddialı teatr kollektivini, özlərini realizə etmək arzuları ilə çağlayan gəncləri ilk mərhələdə tənqid etməyib, onlara stimul verməyin vacibliyini anlayıram. Amma ümumilikdə teatr çoxluğu, xüsusən müstəqil teatrların rəqabət apardığı bu məqamda yeni yaranan teatrların əsas amalı qazandığı tamaşaçını itirməmək olmalıdır. Bütün bunlarla yanaşı tamaşada yaradıcı akt və özünüifadə istəyi yüksək idi.

Əsərdəki ümumi fabulanı qorumağa çalışan gənc rejissor konfliktin harada başlanması, qəhrəmanların bəraəti və hadisələrin finalını sürətli keçidlərdə göstərməklə kifayətləndi. Əvəzində biz gərgin atmosferə söykənən bir oyun gördük.

İsterik hallar keçirən Qabil Əkbərovun qəhrəmanın, qəribə də olsa, iflic, əl-ayağı sözünə baxmayan adama necə və niyə çevrildiyini anlamaq çətin idi. Aktyorun əzab çəkən qəhrəmanını ifadə edən xırıltılı, qulaqbatıran qışqırıqları tərəf-müqabillərini də hiss ediləcək dərəcədə sıxırdı. Aktyor oyuna hakim olmaq üçün bəzən obrazlılığında ifrata varırdı və nəticədə gördüyümüz Ata obrazı həddən ziyadə emosional yüklü idi.

Anar Buludun Nökər Yagisi də təsirli idi. Onun vəziyyətə uyğun sürətlə dəyişən mimikası, səs tembri obrazı mənimsədiyini göstərirdi.

Əminə Cəfərovanın Xanımı hiyləgər, iddialı, nə istədiyini bilən, qətiyyətli və amansızdır. Gənc aktrisanın oyununda da məhz bu cizgilər rahat oturuşmuş, öz xəttini tutmuşdu. Ən əsası o, komplekssiz, azad və tamaşaçı ilə birbaşa ünsiyyətdə idi.

Günel Abbasın Rəqqasə qızı, ikili oynayan mənfəətcil qəhrəmanı isə sadəcə dili ilə əməli arasında ilişməklə kifayətləndi. Obrazını təqdim edərkən dedikləri ilə oyunu – plastikası dağınıq qaldı.

Fuad Əliyevin oyununda həm xudbin oğul, həm də uğursuz ər kimi obraz mahiyyətini tam tapa bilməmişdi. Hərçənd fərqli vəziyyətlərdə, yəqin ki, biz onun qışqırtılarından çox aktyor cizgilərini, oyun texnikasını sezə bilərdik.

Tamaşanın musiqi həlli və sadə tərtibatı ən yaddaqalan məqamlardan idi. Xüsusən səliqəli, vəziyyət ifadə edən musiqi seçimi, ümumi gedişatın melodik dili zövqlü idi.

Yaxşı detallardan biri də rejissorun zaman aşımı yaratmaq cəhdi idi. O, bizə təsviri annotasiya ilə sonluq arasında incə fərqlə təkrarçılıqdan qaçan, emosional təyinini aşmayan final nümayiş etdirdi.

Bütün bu və ya digər qüsurlarına rəğmən tamaşa əsərə müraciət və o tematik həllin bu imkanlar çərçivəsində nümayişi baxımından “Şah Mat”ın cəsarətli yaradıcılıq layihəsidir.

Həmidə NİZAMİQIZI