Son illərdə dünyada kitab ticarəti ümumən tənəzzüldə olsa da, yazıçılar bundan heç də əziyyət çəkmirlər. Məşhur “Forbes” jurnalı son bir ildə ən çox pul qazanan yazıçıların siyahısını dərc edib.
   
   Siyahıya yalnız Amerika və Avropa yazıçıları daxildir. Birinci yeri amerikalı detektiv yazıçı Ceyms Paterson tutur. O, son bir ildə 70 milyon dollar qazanıb. ”Forbes”in hesablamalarına görə, bu rəqəm 2012-ci ildə 100 milyona çata bilər. İkinci yerdə 40 milyon dollarla Stefani Mayer gəlir. Üçüncü yerin sahibi “dəhşət kralı” adlanan Stiven Kinq olub. Onun qazancı 34 milyon dollardır. Yazıçının axırıncı əsəri olan “Qübbə altında” romanı 600 min tirajla satılıb.
   Qadınlar barədə romanları ilə tanınan Daniella Still dördüncü yerin sahibi olub. Onun qazancı 32 milyon dollardır. İngilis yazıçısı Kent Follet 20 milyon dollarla beşinci, “Şübhəli şəxs” romanının müəllifi Din Kuns 18 milyon dollarla altıncı yeri bölüşürlər. Yeddinci yer 16 milyon dollarla detektiv romanlar ustası Canet İvanoviçə nəsib olub. Nikolas Sparks, Con Qrişem və Coan Roulinq hərəyə 10 milyon dollarla sonrakı yerləri tutublar. Qeyd edək ki, siyahı 2009-cu ilin avqust ayından bu ilin avqustuna kimi olan dövrü əks etdirir.