Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının, eləcə də mərc operatoru “Topaz”ın dəstəyi ilə “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalının gənc reklam mütəxəssisləri üçün mərhələsi – “Young Lions” Azərbaycanda da keçiriləcək. Festivalın ölkəmiz üzrə rəsmi təmsilçisi “Endorphin” reklam agentliyinin CEO-su Orxan Kərimovdur.
“Young Lions” Azərbaycan müsabiqəsinin 2 qalib komandası bu yay Fransanın Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaq.
“Cannes Lions” dünyanın ən nüfuzlu yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində gerçəkləşən festival reklam sektorunun iş keyfiyyətini və yaradıcılıq rəqabətini artırmağa yönəlib.
1995-ci ildən bəri təşkil olunan “Young Lions” müsabiqəsi isə 30 yaşadək reklam mütəxəssisləri üçün nəzərdə tutulub. Müsabiqə print, rəqəmsal, film, dizayn, gənc marketoloqlar, media və ictimaiyyətlə əlaqələr olmaqla, 7 kateqoriya üzrə keçirilir.
Azərbaycanda keçiriləcək ilk “Young Lions” müsabiqəsində isə onlardan yalnız ikisi – print və film kateqoriyası üzrə müraciətlər qəbul olunacaq.
Hər kateqoriyadan bir komanda olmaqla ümumi 2 komanda, yəni 4 reklamçı qaliblər müəyyənləşdiriləcək. Qaliblər builki “Cannes Lions” festivalında iştirak hüququ qazanacaq. Onların bütün səfər xərclərini “Topaz” qarşılayacaq.
Müsabiqəyə qeydiyyat 2 mart tarixində başlayıb və 3 aprel 2020-ci il tarixinə qədər davam edəcək.
Qeydiyyat üçün link: canneslions.az