Ötən həftə Bakıda – Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Mirzə Cəlilin Azərbaycanı” sənədli filmi martın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində də nümayiş olunub.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının istehsal etdiyi sənədli film Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunub.
Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşan təqdimatda muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Cəlilin yaradıcılığı barədə danışıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb, Mirzə Cəlilin 150 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamını diqqətə çatdırıb.
Sonra filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, həyat yoldaşı Həmidə xanım Cavanşirin doğma yurdu Ağcabədi rayonunda, Mirzə Cəlilin müəllimlik təhsili aldığı Qori şəhərində aparılıb.