Qədəm qoyduğumuz mart ayı bayramlarla əlamətdardır. Bayram və qeyri-iş günləri isə həm də mədəni istirahət, mədəniyyət ocaqlarını ziyarət üçün bir imkandır. Bu günlər paytaxtımıza təşrif buyuran qonaqların da mədəniyyət məkanları ilə tanışlıq üçün seçim imkanları genişdir. Onların arasında muzeylər üstünlük təşkil edir. Bəs bu məkanlara giriş üçün nə qədər ödəniş tələb olunur? Bu suala cavab tapmaq üçün bir neçə muzeylə əlaqə saxladıq.

İlk olaraq Muzey Mərkəzinin binasında yerləşən muzeylərdən başladıq. Azərbaycan İstiqlal Muzeyindən bildirildi ki, həftənin 1-ci günündən başqa bütün günlərdə fəaliyyət göstərən mədəniyyət ocağına giriş üçün ödəniş haqqı müxtəlifdir. Muzeyi ziyarət etmək üçün uşaqlar, şagird və tələbələr üçün 1 manat, xarici vətəndaşlar üçün isə 5 manat nəzərdə tutulub.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə tanış olmaq istəyən məktəblilər və tələbələr 50 qəpik, digər yerli vətəndaşlar, həmçinin əcnəbilər 2 manat ödəməlidirlər.

Muzey Mərkəzindəki Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə qiymətlər yerli vətəndaşlar üçün 1 manat, əcnəbilər üçün isə 5 manatdır.

Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etmək istəyən şagirdlər 1 manat, tələbələr isə 2 manat ödəməlidirlər. Digər vətəndaşlar üçün biletin qiyməti 5, xarici qonaqlar üçün isə 10 manat təşkil edir.

İlin bütün aylarında ziyarətçisi həmişə çox olan Azərbaycan Milli Xalça Muzeyində qiymətlər digər muzeylərə nisbətən bir qədər yüksəkdir. Məktəblilər və tələbələr üçün bir biletin qiyməti 3 manat, yerli vətəndaşlar üçün 7 manat, xarici qonaqlar üçün isə 10 manat təşkil edir.

Ümumiyyətlə, dünyanın hər yerində olduğu kimi, bizdə də muzeylərdə giriş üçün ödənişin məbləği tələbələrə, məktəblilərə, yerli və xarici vətəndaşlara görə dəyişir. Məsələn, tələbələr tələbə biletini təqdim etməklə aşağı qiymətdən yararlana bilirlər. Əcnəbi vətəndaşlara tələb olunan ödəniş haqqı yerli vətəndaşlara nisbətən yüksəkdir. Nəzərə almaq lazımdır ki, bəzi muzeylərdə giriş üçün edilən ödənişdən əlavə şəkil çəkdirmək, bələdçinin köməyindən istifadə etmək, qrupla ekskursiya üçün də əlavə ödənişlər tələb olunur.

Nurəddin MƏMMƏDLİ