Musiqi sənəti tariximizdə maraqla qarşılanan, sevilən duetlər çox olub. Görkəmli xanəndələrimiz Xan Şuşinski və Sara Qədimova xalq mahnılarından ibarət duetlər oxumuşdular.

Bəstəkarlarımız da duet nəğmələr bəstələmişlər. Xalq artisti Ramiz Mirişlinin Fikrət Qocanın “Günəşi gözləyirəm”, Ənvər Əlibəylinin “Ulduzlar” şeirlərinə yazdığı duetlər musiqisevərlərin könlünü oxşayır.

“Yeddi not” rubrikasında bu dəfə Ramiz Mirişlinin yarım əsrdən çoxdur könülləri titrədən, zövqləri təravətləndirən “Səadət” mahnısından bəhs edəcəyik. Tanınmış şair Rəfiq Zəka Xəndanın şeirinə 1969-cu ildə yazılan, ilk dəfə Xalq artisti Elmira Rəhimova və Əməkdar artist Yaşar Səfərovun ifasında səslənən bu duet indi də sevilə-sevilə oxunur və dinlənilir. Diqqət etsək görərik ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində televiziya və radio dalğalarında ən çox səsləndirilən mahnılardan biri də “Səadət”dir.

Mərhum bəstəkarın ruhu onun dodaqlarda dolaşan mahnılarında, musiqisində yaşayır. “Səadət” mahnısı sevgi dilində yazıldığı üçün unudulmazdır. Sevgi isə daim gəncdir, həmişəyaşardır. Mahnı illərdir ürəklərin, sevgilərin pıçıltısına, qulaqların xoş ahənginə çevrilə bilib.

Səadət! Səadət! Səslərəm səni!
Səadət! Səadət! Gözlərəm səni!
Könüllər vəslini arzular,
- Adıma nəğmələr yazırlar,
Mənimdir gözəllik, məhəbbət...
- Səadət! Səadət!

Bu sözlərin qulaqlarda səslənən həzinliyi istər-istəməz zərif hisslər bəxş edir. Sözlər kimi musiqi də sadədir, səmimidir, həzindir və insanı sevgiyə səsləyir. Xəyallarımız ənginliklərə varır, yaşamaq, yaratmaq istəyir. 

Rəfiq Zəka Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən nəğməkar şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar yazıb. “Ana Kür”, “Qarabağım”  və başqaları bu gün də müğənnilərin repertuarında geniş yer alır...

Ötən əsrin ortalarında konsert salonlarında, radio dalğalarında bir ifaçının da xoş avazı eşidilirdi: Elmira Rəhimova. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən, dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edən müğənni həmçinin xalq mahnılarını da böyük şövqlə səsləndirirdi. Müxtəlif musiqi kollektivləri ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşitdiyimiz “Ana laylası”, “Tələbə”, “Sən yadıma düşəndə” və başqa mahnılar çox fərqli, qeyri-adi ahəngi ilə qəlbləri oxşayırdı. Unudulmaz müğənnimiz Yaşar Səfərovla birlikdə oxuduqları “Səadət” mahnısı da bu sıradandır. Bu dueti dinlədikcə bir xiffət yaşayır insan. Həmin dövrün musiqisi, ifaçılıq məktəbi, səlis ifa, musiqiyə düzgün münasibət üçün. Hərdən o gözəl nəğmələri “Səadət” mahnısında deyildiyi kimi, səsləmək, haraylamaq istəyirsən...

Elmira xanımın istedadlı duet ortağı ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da şöhrət tapmış, məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti, rəngarəng repertuarı ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanmışdı. Yaşar Səfərovun repertuarında Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar və romanslar da yer alırdı.

İllər ötür, zaman dəyişir. Gözəl və saf duyğularla bəstələnmiş mahnılar isə əbədi yaşayır. İllər boyu nə qədər uzun yollar keçsək belə, yaxşı mahnılar bizlərlə heç vaxt vidalaşmır – “Səadət” nəğməsi kimi...

Lalə AZƏRİ