Ürəyi “Ana Polşa”da, bədəni “Ata Fransa”da dəfn edilən, əsərləri ümumbəşər qəlbində yaşayan Şopen...
Deyirlər, bu “ikivətənli” dahinin “polyaklar dəyəri”nin dərəcəsi elə onların çox vaxt “Şopen Varşavası” da adlandırdığı paytaxtın (elə öz adını daşıyan) hava limanına enərkən və oradan şəhər mərkəzinə yollanırkən bəllənir: addımbaşı ismi-şərifilə ilgili afişalar, müxtəlif ölçü-pozalı abidələr, memorial lövhələr, “ifratçılıq” (siyasi anımda “şəxsiyyətə pərəstiş”) ehtimalını böyük sənət rəğbəti kölgəsində görünməz edən digər görü-yapılar...
Çoxsaylı (və çoxjanrlı) yazılara görə, onun buradakı “Kral Lazenkası” ərazisinə xüsusi gözəllik verən monumental, dünya tutum-baxımlı heykəlisə, tək elə öz memarlıq hüsnü ilə yox, mənsubiyyət şan-şöhrətilə də dünyəvi abidə sayılır.
Yazırlar ki, o ölkənin ha tərəfində olursan-ol, o şəhərin ha yanından baxırsan-bax, Şopenlə bağlı nəsə eşidər, görər, sevər, kövrələr, şadlanar, qəmlənərsən...
Və deyirəm, əgər “sənət bəşəridir”sə (deməli, böyük sənət adamlarının hər biri hamınındırsa), bəs onda, onun milli kökən “ikili”liyi, ilk gəncliyində birləşə bilmədiyi nişanlısını niyə o qədər narahat edib ki, hətta məktublarının birində onun soyadının niyə məhz “Şopenski” olmadığına təəssüf və təəccüblənib də?...
Bir çox həmkar və araşdırıcılarının tarixən bu – etüdləri qədər zərif, skertsoları qədər çılğın, noktürnləri qədər mükəddər varlığın öz milli mənsubiyyətilə bağlı keçirdiyi gərgin hisslərinə dair dostanə və tədqiqati duyğusallıqları, I Nikolayın onu Peterburqa (özü də şərəf-pasportla!) təkidlə dəvət edib, imtina cavabı alması kimi məsələlər də öz yerində...
Böyük gəliş
1810-cu il martın 1-də Varşava yaxınlığında (Jelyazova Volya qəsəbəsi) doğulan, hələ 5 yaşındaykən pianoda sadə əsərləri “mürəkkəb bir istedadla” ifaya başlaması ardınca, tanınmış musiqi müəllimi sayəsində klassik musiqi nümunələrini də mənimsəyib, səkkiz yaşında paytaxt salonunda verdiyi ilk kütləvi konsertlə publika və ölkə mətbuatının diqqətini cəlb edən Frederik doqquzunda “Polşa Motsartı” adlandırılır (sonralar bu oxşatma digər “parametr”lərlə də doğrulur: uşaqlıqdan özünü büruzə verən talant, böyük konsertlər və... vaxtsız ölüm).
Qeyri-adi sürətlə məşhurlaşan bu “böyük uşaq” elə bu ad-sanla daxil olduğu Ali Musiqi Məktəbini barəsində yayılmış “ali səs-küy”ə müvafiq bitirir.
Ancaq hələ bir azdan Varşava Konservatoriyası müəlliminin öz tələbələrindən birinin imtahan vərəqəsinə qeyri-iradi yazacağı “Şopen – musiqi dühası” qeydinə bir xeyli varmış; bunadək Şopen, sadəcə, virtuoz pianoçu, fortepiano üçün iki konsert, bir neçə mazurka və polonez müəllifiymiş...
Əslində, onun “dünya şöhrəti”nə doğru sürətlə irəliləyişilə bağlı “öncəgörü”lərə çoxları yoluxubmuş, təəssüf ki, bu yürüşə yollanması üçün atasının maddi imkanı yoxmuş. Yaxşı ki, pərəstişkarları arasındakı varlıların ağıllarında milli insaf da baş qaldırır və Frederik onların pulu (və bir kisə doğma polyak torpağı) ilə 1831-də Vyanaya yollanır. Lakin orada arzularındakıları qurmağa yenicə başlayırkən xəbər gəlir ki, Rusiya, Avstriya və Prussiya tərəfindən bölünmüş vətənində üsyan başlayıb. Bir çox yaxın dostunun da iştirak etdiyi o qiyama qoşulmağa can atan gənc bəstəkarı bu yoldan qürbətdəki dostları çəkindirir: “Hara belə, Frederik?! Sən bu günün qiyamçısı yox, sabahın dahisisən!”.
Ətrafının təkidli etirazlarına gücü yetməyən bu “sabah dahisi” Vyanada yaşadığı 240 gün ərzində bircə not belə “qaralaya” bilmir.
Və... Paris!
Buralıların “əyalət”, “asılı” ifadələrilə də xatırladığı Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu şöhrətli bir konsert salonundakı ilk çıxışıyla Avropanın ovaxtadək bu şəriksiz mədəniyyət mərkəzini fəthin ilkini etməklə bərabər, sədası “ata ölkəsi”nin ən seçmə şəxsiyyətləri çevrəsinə düşür. İllər davamındasa, az öncə ayrıldığı “ana diyarı”nın musiqi fəlsəfəsini daha yüksək mərhələlərə qaldırmaqçün böyük eşqlə çalışmalara başlayası bəstəkarın adı ümumən qitənin dünya şöhrətliləri (Balzak, Hüqo, Sand, Delakrua, uzun illər Parisdə yaşayıb-yaratmış Berlioz, Heyne, List, Rossini və b.) sırasında cari və əbədi yer alacaq...
Ancaq hələlik bu romantik-polifonik tərcümeyi-halın “bir az şıltaq Frederik”, “bir qədər sentimental Şopen” fəsilləridir; xeyli vaxtdı ayrıldığı “Ana Polşa”sının milli azadlıq harayına hay verə bilməmək təəssüfündən ayrıla bilmir...
Üsyanın yatırılma xəbərini hələ Almaniyada ikən alıb bərk sarsılmış və öncəki təəssüfünə qəzəb də əlavə olunmuş gənc bəstəkar doğma Vətənə siyasi-“fiziksəl” borc və sevgi-məhəbbət hisslərini öz musiqi şedevrlərilə (“İnqilabi” adı ilə bəstələyəcəyi xüsusi dramatik xarakterli üç etüd və s.) bəyana başlayır və tezliklə barəsində “Fortepianonun şairi” (“azmanı”, “tanrısı”...), “Bir alətin dünya yeganəsi” kimi deyimlər yaranır.
Yaradıcı ömrünü bütünlüklə bir musiqi alətinə bağlamaqla bu kimi “avtoobraz”lara yol açan Şopen, sən demə, tezliklə “Klassik polyak musiqisinin banisi” şərəf-şanına, ardınca, polyakların: “Şopen bizim əvəzolunmaz milli sərvətimizdir!” qüruruna və sonraların “tarixdə 100 ən çox öyrənilənlər” siyahısına doğru da yürüyürmüş.
Bu bəstəkarın büsbütün “özəlləşdirib” ifadə imkanlarını son dərəcə genişləndirdiyi fortepiano sonrakı musiqi mütəxəssislərində “bütöv bir orkestr”, “hətta insan səsinin tembr çalarlarını da ehtiva edən!” kimi qənaətlərə səbəb olur. Onlar vurğulayırlar ki, bu keyfiyyət bəstəkarın tək elə “canı” hesab edilən prelüdlərinə yox, noktürn, etüd, sonata, skertso, ekspromt, mazurka, polonez, konsert və balladalarına da aiddir. Əvvəllər yalnız simfoniya tərkibində işlənən skertsonu, ancaq polyak məişətində səslənən mazurkanı və təkcə ədəbiyyat işləyi olan balladanı müstəqilləşdirməsinə işarətlə yazırlar ki, Şopen fortepiano musiqisinə yeni janrlar gətirib: “Onun “musiqi obrazları dünyası”nın sanbalı əsərlərinin sayından da artıq müxtəlif və rəngarəngdir. Bunlarda çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, incə duyğular, səmimi lirika ecazkar bir ustalıqla çulğaşıb!”
Bu məqamda qeyd edək ki, bəstəkarın yeni bir termin kimi instrumental musiqiyə gətirdiyi ballada janrlı dörd şedevri hələ də müasir dünyəvi piano repertuarının “flaqman”ı hesab edilir. Belə bir faktı da xatırladaq ki, sonralar “romantik dövr” qüdrətlilərindən List, Brams və b. öz balladalarını bənzərsiz “Şopen tərzi”ndən ilhamlanaraq yazmışlar. Bilicilər bu “tərz”i “güzgü reprizası” kimi qiymətləndirirlər. Böyük ingilis pianoçu C.Oqdonun xatirələrindəki bir qeyd isə çox konkretdir: “4-cü ballada Şopen əsərləri içərisində ən qüvvətlisi, ən kəskini, ən zərifidir. İnana bilmirəm ki, bu əbədiyyət qapsamlı əsər 12 dəqiqəyə necə yerləşdirilib; axı burada bütöv bir həyatın təcrübəsi və... əbədi davamı vardır!...”
Elə irland C.Fieldlə başlayan, əsasən, gecə ovqatlı duyğu-düşüncələri ehtiva edən noktürn janrı da, bunun 21 gözəl nümunəsini yaratmış Şopenlə məşhurlaşıb. Bunların birindən – quruluşca məşhur “Yağış damcıları” prelüdünü xatırladan “Ballada No.3.”dən iki-üç kəlmə ilə bəhsimi tək elə gözlə deyil, qulaq-qəlblə də “oxumalı”: Barmaqlar fortepiano dillərinə... gah ahənrüba cəzbi ilə yansıyır, gah zəif hərarət dəmlərində buz lümələrindən ayrılıb düşən damlalar taktı ilə ayrılır, hərdən də sanki illər ayrısı aşiq-məşuqun ilk vüsal anı cazibəsilə yapışıb, hər yazadək ağac-vətən-sevgililərindən ayrılan payız yarpaqlarıtək ayrılır...
Və... tək elə “peşəkar”-“status”ion aşiqlərin yox, sənətkarların da “ən zəif” yeri –
Sevgi-məhəbbət...
Bu konuya müdriklərdən birinin bir frazası ilə başlayım: “İnsanların hamısına azdan-çoxdan ağıl verilsə də, qəlb hər kəsə verilmir”...
Hamı kimi, bu gənc dahinin də “ilk məhəbbət oxu” daşa dəyib; çox zəif maddi durumu onu “həyatından da çox sevdiyi” qraf qızına sevgisindən nakam edib. Qraf ata öz zərifini yalnız nağd əməkhaqqı hesabına yaşayacağına əmin olduğu bu “quru məşhur”a vermir. Bəstələyə bilmədiyi bu sənədli “sevgi əsəri”ndən sonra...
1836-da F.List Şopeni fransız yazıçısı – əsərlərini “Jorj Sand” təxəllüsüylə çap etdirən Avrora Düdevanla tanış edir və bəstəkar, istedadına valeh olduğu bu qadınla “tezbazar”ca evlənir. Lakin, birgə yaşadıqları on il Şopen yaradıcılığı üçün çox məhsuldar olsa da, “ən xoşbəxt və ən ağır məqamlarla” müşayiət olunur. Mənbələrə görə, bu qadın elə buna qədər də Parisin yaradıcı simaları arasında həm çox parlaq, həm də çox ziddiyyətli birisiymiş (çox zaman büsbütün kişi libası geyərək at çapar, kişi idmanı, “kişi savaşlarıyla” məşğul olarmış). Bir çox şah əsərini məhz “Jorj Sandlı illər”də yazmış bəstəkar xəstə ikən heç bir qayğı görmədiyi və “adamı anlamamaq istedadının daha da artdığı” bu qadından ayrılır. Səhhətinin yaxşılaşdığı (və şöhrətinin super zirvələndiyi) günlərin birində əl uzadıb barışıq elan etsə də, susqun baxışlarla ondan uzaqlaşan bəstəkar ömrünün sonunadək “ondan uzaqda, ona sevgi” əzabları ilə yaşamalı olur...
Və maraqlıdır, bu dahinin həyatını həm şəkərə, həm zəhərə döndərmiş bu böyük fransız yazıçı Şopen prelüdlərinin hamısını “şah əsərlər” hesab edib...
Bu dəyər çoxlarından:
Andre Jid, Ferens List və Feliks Mendelsona görə: “Vaqner həyəcanını notlarla ifadə edibsə, Şopen hər nota həyəcan yükləyib”, “Bu dahi poetik hissiyyatın inkişafında yeni dövr açıb”, “Şopen pianoçular arasında birincidir. O, bizə Paqanininin alovlu yayı kimi gözlənilməz zövqlər verir”.
Yeri gəlmişkən, zamanın çox maddi sıxıntılar yaşatdığı bu istedad azmanı bir az uzaqda dünyanı öz misilsiz sənət mizrağı ilə titrədən dahi italyan Paqanininin də həməsri (və öygülərilə mükafatlandıranı) olub.
Uğur “qəribəlikləri” də az olmayıb. Məsələn, yazırlar ki, intihar etmiş məşhur bir dostunun matəmində kilsəyə toplaşan kütlə öləni tamam unudub, elə hey Şopenin “Die Gestirne”ni (“Ulduzlar” – Şubert) necə çalmasından danışırmış...
1844-ün axırlarından vəziyyəti pisləşən bəstəkarın vərəm iztirablarını dostlarının dəvətilə gedib Londonda verdiyi son konsertin hədsiz uğurları da avazıda bilmir. Məşhur həkimlər isə London rütubətinin ona daha pis təsir edəcəyini təkrar-təkrar vurğulayır, dərhal bu şəhərdən getməsini məsləhət görürlər.
Parisə qayıdanda dostlarının çətin tanıdığı bu dünya tanıqlısı son üzüntülərində ikicə mazurka yazır.
1848-in fevralında məşhur “Pleyel”də sənət həyatının ən böyük konsertini verir və... illərdi onu Varşavaya qısqanan Paris nəhəng salonu arasıkəsilməz alqış atəşinə tutur...
17 oktyabr 1849. Ölüm yatağında “Azadlıq üsyanında iştirak edə bilmədiyim müqəddəs Vətən!”, “Vətəndaşlarının arzularıyca qurula bilməyən Polşam!” kimi pıçıltılardan sonra son sözünü deyir: “Ürəyimi Polşada dəfn edin...”.
Vəsiyyət Motsartın “Rekviyem”i və özünün (sonralar bütün matəm mərasimlərində səsləndiriləcək) “Minor marş”ı altında icra edilir...
Tahir ABBASLI