Tanınmış bəstəkar, müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov fevralın sonunda Kanada və ABŞ-da konsert proqramı ilə çıxış edib. Sənətçi dördgünlük Şimali Amerika turu çərçivəsində Toronto, Nyu-York, Çikaqo və Los-Anceles şəhərlərində səhnəyə çıxıb.
Musiqisevərlər Eminin “Boomerang”, “Got me Good”, “Still”, eləcə də “Я лучше всех живу”, “Нежная”, “Девочка моя” və digər hitlərini böyük maraqla dinləyiblər.
Sənətçinin Nyu-Yorkdakı konserti dünya şöhrətli müğənni Uitni Hyustonun debüt etdiyi səhnədə – “Times” meydanının yaxınlığındakı “Town Hall”da baş tutub. Konsert turu Çikaqoda da uğurla davam edib. Ən yaddaqalan məqam isə müğənninin ifasında dahi bəstəkar və müğənni Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısına tamaşaçıların reaksiyası olub. İzləyicilər bu mahnını ayaq üstə dinləyərək, sənətçini səhnədən buraxmaq istəməyiblər. Los-Ancelesdə son konsert də böyük coşqu ilə gerçəkləşib. “City News Toronto” və “Daily Mail İnternational”a müsahibə verən Emin turun uğurla yekunlaşdığını vurğulayıb, 2021-ci ildə yeni konsert proqramı ilə Amerikaya qayıdacağını sevənlərinə vəd edib.
Qeyd edək ki, Emin mart ayında Belarus, Özbəkistan və Qazaxıstanda konsert verəcək.
LALƏ