Dünyadakı koronavirus təhlükəsinin bir çox irimiqyaslı mədəniyyət tədbirlərini təxirə saldığı zamanda gerçəkləşən 70-ci Berlin Film Festivalı (Berlinale), nisbətən diqqətdən kənarda qalsa da, nəticələri kinosevərlər üçün hər halda maraq doğurur.

Avropanın üç ən böyük kino festivalından (Kann və Venesiya festivalları ilə birlikdə) biri olan “Berlinale” fevralın 20-dən 29-dək davam edib. Müsabiqə proqramı üzrə baş mükafat – “Qızıl ayı” uğrunda 18 film yarışıb. Ümumilikdə isə budəfəki yubiley “Berlinale”sində 70-dək ölkədən 300-dən çox film nümayiş olunub.

Britaniyalı aktyor Ceremi Ayronsubun başçılıq etdiyi jüri bu dəfə birinciliyi İran kinorejissoru Məhəmməd Rəsulofun həyatın fəlsəfi məqamlarından bəhs edən “Pislik yoxdur” filminə verib. Lakin ötən il filmlərinin siyasi məzmununa görə mühakimə olunan və iki il müddətinə ölkəni tərk etməsi yasaqlanan rejissor Berlinə gedə bilməyib. “Qızıl ayı” mükafatı rejissorun qızına təqdim olunub. 

Müxtəlif nominasiyalar üzrə “Gümüş ayı” mükafatlarına gəlincə, ən yaxşı rejissor işinə görə Cənubi Koreyadan Xon San-Su (“Qaçıb gedən qadın”), ən yaxşı operator işinə görə Rusiya kinorejissoru İlya Xrjanovskinin “DAU. Nataşa” filmi (mükafat operator Yurgen Yurgesə verilib) təltif olunub.

“Berlinale” jürisinin xüsusi mükafatı olan Qran-prini amerikalı rejissor və ssenarist Eliza Hittmanın yeniyetmə qızların həyatından bəhs edən “Heç vaxt, nadir hallarda, hərdən bir, həmişə” filmi qazanıb.

Ən yaxşı ssenari üzrə mükafat isə Damiano və Fabio Roberto D`İnnçenso qardaşlarına (“Pis nağıllar”) verilib.

Qeyd edək ki, Berlin Film Festivalı 1951-ci ildən keçirilir. Filmlər Berlinale sarayında (“Potsdam meydanında teatr”) keçirilir və festivalın  qeyri-rəsmi adı da buradan götürülüb.

SƏBİNƏ