Bakıda gürcü rejissorun “Robinzon və doqquz Cümə” macəra filminin təqdimatı

Fevralın 23-də Nizami Kino Mərkəzində “Robinzon və doqquz Cümə” tammetrajlı macəra filminin təqdimat mərasimi keçirildi.
Təqdimatdan əvvəl filmin yaradıcı heyətinin üzvləri media nümayəndələri ilə görüşdülər. Mətbuat konfransını kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq gürcü kinosunun tarixi və ənənələri haqqında danışdı. Bildirdi ki, sovet kinosu tarixində gürcü filmlərinin özünəməxsus yeri olub və bu gün öz ənənələrini qoruyub saxlayır.
Sonra filmin rejissoru Georgi Kikalişvili ekran əsərinin ideyası və yaranma tarixi haqqında məlumat verdi. Rejissor filmin gürcü və Azərbaycan xalqlarının dostluğuna töhfə olduğunu xüsusi vurğuladı və yaradıcı heyətə göstərilən dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. O, görkəmli musiqi xadimləri Polad Bülbüloğlu, Vaxtanq Kikabidze, Nani Breqvadzenin bir filmdə rol almasını xalqlarımız arasında xoş və mehriban dostluğun simvolu kimi xarakterizə etdi.
Bildirildi ki, filmin növbəti təqdimatı fevralın 29-da Belarusun paytaxtı Minskdə baş tutacaq. Ekran əsərinin nostalji hisslərlə bol olduğunu vurğulayan rejissor “Robinzon və doqquz Cümə”nin kinosevərlərə yaxşı tanış olan “Sinyor Robinzon” filminin fabulası üzərində qurulduğunu nəzərə çatdırdı.
Azərbaycan kinematoqrafçıları ilə növbəti layihələri haqqında məlumat verən G.Kikalişvili əlavə etdi ki, növbəti birgə film Gürcüstan, Azərbaycan və Belarus kinematoqrafçıları ilə ərsəyə gələcək. Filmdə üç ölkənin aktyorları ilə yanaşı “Oskar” mükafatlı, dünyaca məşhur aktyor da rol alacaq.
Məşhur gürcü aktyoru, mərhum Mamuka Kikalişvilinin qardaşı olan rejissor Azərbaycan kinosuna xüsusi minnətdarlığını bildirdi, qardaşının kinoda tanınmasında vaxtilə Azərbaycanda çəkildiyi “Yaramaz” (rejissor Vaqif Mustafayev) filminin böyük rolu olduğunu vurğuladı. Bildirdi ki, bəlkə də məhz həmin sevginin nəticəsidir ki, bu gün də Azərbaycan kinosu ilə əlaqələrini davam etdirir. Sonra yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırdı.
Qeyd edək ki, filmdə tanınmış estrada ulduzları da yer alıblar. Elə bu səbəbdən də filmin nümayişindən əvvəl yaradıcı heyətə daxil olan müğənnilər kiçik konsert proqramı ilə çıxış etdilər. Əməkdar artist Manana Caparidze, İrakli, Dato, Arçi öz mahnıları ilə tamaşaçıları salamladılar.
Sonra film nümayiş olundu. Süjetə görə, Robinzon Tbilisi və Bakının köhnə kvartallarından tanıdığımız “italyan həyəti”ndə yaşayır. Qonşularının deyib-gülən olmasına baxmayaraq, onun həyatı darıxdırıcı və yeknəsəqdir. Günlərin bir günü qəribə yuxu görənə qədər. Robinzon yatıb yuxusunda görür ki, mələk ona xoşbəxtliyin açarını təqdim edir. İş elə gətirir ki, o, tezliklə kimsəsiz adaya düşür. Əsas macəraları da elə bu adada başlayır.
Layihə Britaniya-Gürcüstan Ticarət Palatası (BGSS) və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Filmin rejissoru Georgi Kikalişvili, ideya və ssenari müəllifi Nika Ramişvili, Georgi Kikalişvili, Keti Mikanadze, quruluşçu operator Bakar Şaraşenidze, bəstəkarı Fərhad Bədəlbəyli və Dato Xucadzedir.
Rollarda Paata Quliaşvili, Natiya Tsitsilaşvili, Salome Kokuaşvili, Lika Korkiya, Mariyam Sanoqo, həmçinin xüsusi dəvətlə Polad Bülbüloğlu, Vaxtanq Kikabidze, Manana Caparidze, İrakli Pirsxalava, Keti Topuriya, Bəhram Bağırzadə, Nani Breqvadze, Kaxi Kavsadze, Lutsiya Luşik və başqaları çəkiliblər.
Filmdə kuryer şirkətində çalışan baş qəhrəmanın ailəsində baş verən problemlər və başına gələn maraqlı hadisələrdən bəhs olunur.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar