Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Gündəlikdəki birinci məsələ – beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib, kitabın ideyası, məzmunu, strukturu, redaksiya və müəlliflər heyəti haqqında müzakirə aparılıb. Çoxcildliyin baş redaktoru (AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev) və 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.
Müzakirə olunan növbəti məsələ AMEA-nın 75 illik yubileyi ilə bağlı tədbirlər planı haqqında olub. Məsələ ilə əlaqədar AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib. Diqqətə çatdırılıb ki, tədbirlər planı AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, Rəyasət Heyəti aparatının idarə və şöbələri tərəfindən təqdim edilən təkliflər əsasında hazırlanıb.
“AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı tədbirlər planı da təsdiq edilib.
İclasda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi, Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri ilə bağlı məsələyə də baxılıb.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub, AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə əcnəbilər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.
Sonda kadr məsələlərinə baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub, bu vəzifənin icrası müvəqqəti olaraq direktor müavini Elnur Hüseynova həvalə edilib.