Təhsil, teatr və konsert müəssisələrinin fəaliyyəti martın 27-dək dayandırılıb, Novruz şənlikləri ləğv edilib

Dünyanın 100-dən çox ölkəsində qeydə alınmış koronavirus xəstəliyinin (COVID-19) Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları tərəfindən zəruri tədbirlər görülür.

Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ qərargahdan verilən məlumata görə, Dünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.

“Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilmişdir. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir”, – deyə məlumatda qeyd edilir.

Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Dünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

“Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”, – deyə məlumatda nəzərə çatdırılır.

***

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov martın 7-də ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Bununla yanaşı, 20-26 mart tarixi ölkədə Novruz bayramı ilə bağlı qeyri-iş günləri olduğundan bütün təhsil müəssisələrində ilk tədris günü mart ayının 27-si müəyyən edilib.

Koronavirus təhlükəsi ilə əlaqədar teatr və konsert salonlarının da fəaliyyəti  martın 27-dək dayandırılıb. Mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb.

***

Nazirlər Kabineti yanında Operativ qərargahdan martın 10-da verilən məlumata görə, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməmiş və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.