Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Belçikanın Vaterlo şəhərində Xurşudbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.
O deyib: “Belçikanın Vaterlo şəhərində ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşudbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə əlaqədar şəhər polisi tərəfindən cinayət işi açılıb. 2016-cı ildə ucaldılmış heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır. Əlbəttə, bu vandalizmin Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir”.
Leyla Abdullayeva qeyd edib ki, ölkəmizin Belçika Krallığındakı səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Məsələ Azərbaycanın Belçikadakı səfirliyinin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.