Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, ibtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdləri üçün teledərslər həftənin beş günü, artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri üçün isə həftədə 2 dəfə olacaq.
İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.