İsfar Sarabski və qrupu Baden şəhərində konsert verib
Əməkdar artist, tanınmış cazmen, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu martın 9-da Avstriyanın Baden şəhərində konsert proqramı ilə çıxış edib.
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin (1940-1979) 80 illiyinə həsr olunub.
Konsertdən öncə Baden Şəhər Bələdiyyəsinin üzvü Ernst Şebesta Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıq qurulduğunu və Badendə indiyədək müxtəlif səpkidə tədbirlərin keçirildiyini bildirib. O, Azərbaycanın məşhur bəstəkarı və cazmeni Vaqif Mustafazadənin yubileyinin Baden şəhərində qeyd olunmasından məmnunluğunu ifadə edib.
Konsert proqramında İsfar Sarabskinin rəhbərlik etdiyi caz kvarteti V. Mustafazdə, İ.S.Bax, P.İ.Çaykovski və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. İsfar Sarabskinin bəstələdiyi “Planet“, “Qarabağ atları“, “Vaqifə ithafən popurri“ və digər əsərləri, eləcə də tar musiqi alətinin ifasında etno-caz üslubundakı kompozisiyalar böyük maraqla qarşılanıb.