YARAT-ın səyyar sərgisi Xaçmazda təqdim edilib
YARAT Müasir İncəsənət Məkanı martın 5-də Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib. Sərgidə italyan rəssamı Mikelancelo Pistolettonun və yerli rəssamların əsərləri nümayiş olunur.
Açılış mərasimində YARAT-ın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova çıxış edərək bundan əvvəl ölkəmizin digər regionlarında təşkil olunan səyyar sərgilərin incəsənət həvəskarlarının marağına səbəb olduğunu bildirib. Qeyd edib ki, budəfəki sərginin proqramına YARAT-ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərsləri daxildir.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev sərginin təşkilinin yerli sənətsevərlər üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, YARAT-ın rəhbərliyinə minnətdarlığını bildirib.
Sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, “Yenə o bağ olaydı” sərgisi italyan rəssamı Mikelancelo Pistolletonun “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti ortadan götürməyə çalışır.
Sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.
Rəssam Ağababa Bağırov sərgi üçün hazırladığı “Keçid” əsərində texnoloji tərəqqinin çox tez və sosial şərtləri nəzərə almadan baş verdiyində nəsillərarası qarşıdurmalara gətirdiyini diqqətə çatdırır.
Etibar İsmayılov şifrələnmiş dildə istifadə qaydalarına dair təlimatla “Dilək quyusu”nu yaradıb. Günay Əliyevanın əsəri rəssamın həyatına İosif Brodskinin “Bizim yaratdıqlarımız etiraflarımızdan daha çox bizim haqqımızda danışır” kəlamından ilhamlanan qəbz formasında nəzər salır.
Musa Bəyzadə sağlamlıq texnologiyalarının bəşəriyyətin ayrılmaz hissəsinə necə çevrildiyini göstərməklə “Üçüncü cənnət” ideyası yanaşması üçün kağız kəsimi üsulundan istifadə edib. Nəzrin Məmmədovanın zamanlı, fənlərarası və sinxron əsəri texnologiyanın, dizaynın və təbiətin kəsişməsində mövcuddur. Vüsalə Ağarazıyevanın “Tərəzi” əsəri də maraqla qarşılanıb. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır.
Sərgidə Leyli Qafarova, Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Fərid Rəsulovun əsərləri də yer alıb.